13 yanvar 2013 18:09
Bahodir Nasimov: Bunun üçün əlimdən gələni etməyə hazıram
Antalya hazırlığını davam etdirən “Neftçi”nin hücumçusu Bahodir Nasimov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qaldın. İndi özünü nə dərəcədə hazır hesab edirsən?
- Artıq bir müddətdir ki, komanda ilə birgə məşqlərdə iştirak edirəm. Hazırda səhhətimlə bağlı problem yoxdu. Mütəmadi şəkildə fiziki testlər verirəm və məşqlərdə var qüvvəmlə çalışıram ki, meydana yüz faiz hazır qayıdım.
- Yəqin ki, yoxlama oyunlarında meydanda səni də görəcəyik
- Mən özümü buna hazır hesab edirəm. Bununla belə bizim meydana çıxıb-çıxmayacağımıza məşqçilər qərar verir. Yoxlama oyunlarında meydanda olmaq istəyirəm.
- Avropa Liqası oyunlarını xatırlamaq istərdik. Sən də ehtiyyat oyunçular skamyasında idin.
- Bunu mən də gözləmirdim. Komanda rəhbərliyi və məşqçilər korpusu ən çətin anlarımda belə mənim yanımda oldu. Avropa Liqasının qrup oyunlarında ehtiyyat heyətə salınmağım mənə mənəvi cəhətdən hava-su kimi gərəkli idi. Mən Azərbaycanda tarix yazmış komandanın üzvü olduğuma görə fəxr edirəm.
- Hazırda Nikolas Kanales çempionatın bombardiridir. Sən isə ötən mövsüm ən sərrast hücumçu olmuşdun. İki bombardiri birlikdə meydanda görmək maraqlı olardı
- İlk növbədə onu deyim ki, buna məşqçilər heyəti qərar verəcək. Əgər belə bir imkan olsa sevinərəm. Kanales qol duyumu olan yaxçı futbolçu və gözəl insandır. Onunla eyni vaxtda meydanda faydalı ola bilərik. Məqsədimiz ardıcıl üçüncü dəfə ölkə çempionatının qalibi olmaq və kuboku qazanmaqdır. Bu hədəflərə çatmaq üçün əlimdən gələni etməyə hazıram.
