13 yanvar 2013 15:18
Simurqun Antalyadakı bütün rəqibləri bəlli oldu
Yanvarin 10-dan Antalyaya yollanan "Simurq" qardaş ölkədə qış təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə olmaqla "Mardan Spor Kompleks"inin meydançasında məşq edən komanda əsasən fiziki göstəricilərin artırılması üzərində çalışır.
Ayın 17-nə qədər burada qalacaq Zaqatala təmsilçisi elə həmin gün ilk yoldaşlıq görüşünü keçirdəcək. “Sarı-qaralar”ın rəqibi Qazaxıstanın "Akjayik" kollektivi olacaq. Bundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə iki günlük istirahət verəcək.
19-dan Belek bölgəsində yerləşən "Atlantik" otelində məskunlaşacaq "Simurq" burada təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcək. Yanvarın 22-də Zaqatala təmsilçisi növbəti yoxlama görüşü keçirəcək. Komandanın bu dəfəki rəqibi MOİK (Sofiya) olacaq. Ayın 25-də Rusiyanın "Tom", 28-də Xorvatiyanın "Slaven Belupo" klubu ilə də oyunlar nəzərdə tutulub. Georgi Çixradzenin yetirmələrinin Antalyadakı son rəqibi yanvarın 31-də Rumıniyanın "Petrolul" klubu olacaq. Bundan sonra Antalyadakı təlim-məşq toplanışını başa vuracaq komanda fevralın ilk günündə ölkəyə qayıdacaq və hazırlıqlara Zaqatala davam edəcək.
Qeyd edək ki, qardaş ölkədə davam edən hazırlıq prosesində "Simurq" heyətini gücləndirməyədə davam edəcək. Baş məşqçinin istəyinə uyğun baxışa dəvət olunmuş futbolçulardan məşqçilər korpusunun rəyi əsasında transferlər həyata keçiriləcək. Onlar haqqında qərarlar yoxlama görüşlərindən sonra veriləcək.
