15 yanvar 2013 18:41
Bakı turizm sərgisində iştirak edəcək
"Bakı" futbol klubu 30 yanvar-3 fevral 2013-cü il tarixlərində İspaniyanın paytaxtında keçiriləcək 33-cü FUTUR Beynəlxalq Turizm sərgisində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunacaq.
Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılacaq.
"Bakı" futbol klubu və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərdən yararlanan klub bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək. "Atletiko" futbolçuları təyin olunan saatlarda sərgidə futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr edəcəklər.
FUTUR sərgidi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqtə mərkəzində olur. Ötən il sərgini 54 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu günədək sərgiyə 167 ölkədən 9567 şirkət və dövlər strukturu qatılıb.
Ötən il FUTUR sərgisini 140 min Madrid sakini və şəhərin qonaqları ziyarət edib.
Sərginin gedişi və klubun bu mötəbər sərgidə iştirakı ilə əlaqədar daha ətraflı məlumat veriləcək.
