15 yanvar 2013 16:36
Bakıda məşqçilik kursları keçirilir (FOTO)
Azərbaycanda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının beynəlxalq məşqçilik kursları başlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının zalında Akademiyanın üç eksperti - kanadalı Nota Klentrou Kan, britaniyalı Nadya Aleksandrova və portuqaliyalı Elena Diaşın keçirdikləri kurslarda 17 məşqçi iştirak edir.
Kurs rəhbəri olan Nota Klentrou Kan Trend-ə bildirib ki, Akademiyanın 3 səviyyə üzrə məşqçilik kursları var və hazırda Bakıda keçirilən kurslar birinci səviyyə üçün təşkil olunub. Onun sözlərinə görə, kursun proqramının məqsədi məşqçilərin tədris metodikasının dünya standartları ilə uyğunlaşdırılmasıdır.
"Azərbaycanda artıq Akademiyanın 3-cü səviyyəli kurslarını uğurla başa vurmuş gimnastika məşqçiləri var. Bir həftə ərzində Bakıda keçiriləcək bu kurslar isə məşqçilik təcrübəsi az olan və yaxud gimnast karyerasını başa vuraraq məşqçilik etmək istəyən şəxslər üçün nəzərdə tutulub", - kursun rəhbəri bildirib.
Nota Klentrou Kan Azərbaycanda bədii gimnastika idman növünün artıq kifayət qədər inkişaf etdiyini vurğulayıb.
Kursların sonunda praktik və nəzəri imtahanlar təşkil olunacaq. İmtahanları müvəffəqiyyətlə keçən məşqçilərə beynəlxalq dərəcəli məşqçi sertifikatı veriləcək.
Bu seminarın davamı kimi Beynəlxalq Gimnastika Federasiyasının Akademiyası bu ilin mart ayında Bakıda beynəlxalq hakimlər kursları təşkil edəcək.
