17 yanvar 2013 00:16
Bakı güc məşğələlərini daha effektli etmək üçün Türkiyədən avadanlıqlar gətirib
Qış fasiləsindən sonra “Bakı” futbol klubunun müxtəlif yaş qruplarından ibarət komandaları bir araya gələrək məşqlərinə davam edirlər. Azerisport.az xəbər verir ki, əvəzedicilər də daxil olmaqla 4 komanda yeni il tətilli ilə bağlı yaranan fasilənin başa çatması ilə yanvarın 7-dən etibarən klubun təlim-məşq bazasında hazırlıqdadı.
96-98-ci illər təvəllüdlü uşaqlar və əvəzedici komanda gündə bir dəfə olmaqla məşğələlər keçirlər. Komandalar həftə içi daha çox fiziki güc təmrinləri üzərində çalışırlar. Futbolçular bu həftədən etibarən yeni avadanlıqlarla çalışırlar. Güc məşğələlərini daha effektiv etmək məqsədi ilə Türkiyədən avadanlıqlar sifariş olunub.
Qış fasiləsinə lider yollanan “Bakı”nın U-15 komandası ötən gün saat 16:00-da növbəti məşqinə çıxıb. Həftə içi hər gün məşq edən komanda güc avadanlıqların koməkliyi ilə məşq edib. Klubun futbol akademiyasının baş koordinatoru Yüksel Kepoğlu bildirib ki, bu avadanlıqlar, əsasən, futbolçuların fiziki güclərini artırmağa kömək edəcək. Həmçinin o qeyd edib ki, belə fiziki testlər 1998-2001-ci il təvəllüdlü uşaqlar arasında da keçiriləcək.
Xatırladaq ki, 1999-2002-ci il təvəllüdlü uşaqlardan təşkil olunan komandalar da 10 yanvar tarixindən məşqlərə qaldıqları yerdən davam veriblər. «Sabahın ulduzları» turnirinə qatılacaq komandalarımız isə hazırlığa fevralın əvvəllərindən başlayacaqlar.
