16 yanvar 2013 16:39
Qəbələdən Rumıniya millisinin üzvünə 200 min avroluq təklif (FOTO)
“Qəbələ” Rumıniyanın “Dinamo” (Buxarest) klubunun müdafiəçisi Kristian Pulhakla güclənə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan təmsilçisi artıq Pulhaka konkret təklif də ünvanlayıb. Bölgə klubu Pulhaka bir mövsüm üçün 200 min avro təklif edib.
Bu futbolçu ilə Ukraynanın “Metallurq” (Donetsk) və Rusiyanın “Kuban” klubları da maraqlanır. Pulhakın bu təkliflərdən hansını dəyərləndirəcəyi hələlik bilinmir.
Qeyd edək ki, 1984-cü ildə anadan olan Pulhak peşəkar karyerasına məhz 2002-ci ildə “Dinamo”da başlayıb. O, indiyə qədər bu klubda 170 oyuna çıxıb və 3 dəfə rəqib qapılarına yol tapmağı da bacarıb. Amma müdafiəçi 2002-03 mövsümündə “Poiana Campina”da (13 oyun), 2003-04 mövsümündə “Sportul Studenţesc” klubunda (11 oyun), eləcə də 2010-11 mövsümündə İspaniyanın “Hercules” klubunda icarə əsasında oynamağa da imkan tapıb.
2004-2006-cı illər aralığında Rumıniyanın U-21 yığmasında 6 oyun keçirib, 1 qol vuran Pulhak ölkəsinin əsas millisində də 3 oyuna çıxıb.
