17 yanvar 2013 13:33
Azərbaycan yığması FİFA reytinqində yerində saydı
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda yerində sayıb.
2013-cü il üçün ilk reytinq cədvəlində Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Belə ki, millimiz 277 xalla 118-ci yerdə qərarlaşıb.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda 172 xalla 148-ci yerdədi. Şimali İrlandiya isə 2 pillə geriləyib. İrlandlar hazırda 367 xalla 98-cidilər. Portuqaliya yerində sayıb - 1144 xalla 7-cidi. Rusiya 1070 xalla 9-cu pillədəki yerində qalıb. İsrail isə iki pillə irəliləyib. Bu ölkənin millisi 454 xalla 76-cı yerdə gedir.
Reytinq siyahısının ilk onluğunda da heç bir dəyişiklik olmayıb. İspaniya 1606 xalla zirvədəki yerini qoruyub. Almaniya da yerində sayıb və hazırda 1437 xalla ikinci yerdədi. Argentina 1290 xalla üçüncü pillədə gedir. İtaliya 1165 xalla dördüncü yerdədi. Kolumbiya 1164 xalla beşincidi. 1151 xala malik İngiltərə altıncı pillədəki yerini qoruyub. Portuqaliya isə 1144 xalla yeddincidi. Hollandiya da 1124 xalla səkkizincidi. Rusiya (1070) doqquzuncu, Xorvatiya (1064) onuncudu.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 14-də açıqlanacaq.
