19 yanvar 2013 00:04
Güclü yağış Bakının da planlarını dəyişdi (VİDEO)
Antalyada təlim-məşq toplanışında olan “Bakı” hazırlığın 4-cü gününü 2 məşqlə davam etdirib. Azerisport.az xəbər verir ki, səhər saatlarında yağan şiddətlə yağış səbəbi ilə meydana çıxmayan futbolçular günə idman zalında fiziki məşğələlərlə başlayıblar.
İkinci məşq isə nəzərdə tutulduğu kimi açıq havada baş tutub. İsinmə hərəkətlərinin ardınca fiziki təmrinləri icra edən futbolçular məşqi ikitərəfli oyunla başa çatdırıblar.
Xatırladaq ki, “Bakı” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. "Bakı"nın rəqibi Bolqarıstan yüksək liqa təmsilçisi "Etır" (Veliko-Tırnovo) klub olacaq. "Etır" Bolqarıstan çempionatının ilk dövrəsində sonra turnir cədvəlində 16-cı yerdə qərarlaşır.
Bu arada qeyd edək ki, qarşılaşmanın vaxtında dəyişiklik edilib. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.
