20 yanvar 2013 00:04
Qarabağ Rusiya klubuna qarşı hansı heyətlə mübarizə aparıb?
Xəbər verdiyimiz kimi, “Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, rəqib Rusiya təmsilçisi “Ural” olub.
“Qarabağ” oyuna bu start heyəti ilə çıxıb: Fərhad Vəliyev, Admir Teli, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Əfran İsmayılov, Vüqar Nadirov, Riçard Almeyda, Vaqif Cavadov.
“Qarabağ” oyuna olduqca fəal başlayıb və ilk 10 dəqiqədə topu təmamilə özündə saxlayıb. Bu müddətdə Maksim və Əfranla həmlələr edən komandamız ən real qol şansını Vaqiflə yaxalsa da, hücumun sivri ucunda qərarlaşmış Cavadov təkbətəkdən yararlana bilməyib. Amma gözlənilən qol 28-ci dəqiqədə gəlib. Qara Qarayev cərimə meydançası həndəvərində rəqibini keçərək qapını dəqiq nişan alıb. Az sonra Vüqar da fərqlənməyə borclu olsa da, onun zərbəsi qapıdan azacıq aralı keçib. Belədə ilk yarı “Qarabağ”ın minimal üstünlüyü ilə başa çatıb.
2-ci yarıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heyəti təmamilə dəyişib: Miro Varvodiç, Bədavi Hüseynov, Eltun Yaqublu, İlqar Qurbanov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Toğrul Bilallı, Muarem Muarem, Elvin Musazadə, Elnur Abdulov, Manuel Bleda.
İkinci yarıda daha çox gənclərlə oynamasına baxmayaraq, effektliliyini davam etdirən komandamız çox keçmədən 2-ci dəfə fərqlənib. Muaremin ötürməsiylə qapıçıyla duelə yollanan Toğrul Bilallı şansını qaçırmayıb - 2:0.
1 saatın tamamında isə “Qarabağ” hesab arasındakı fərqi 3-ə çatdırıb. Bu dəfə də Muaremin sol cinahdan ötürməsini Elvin Musazadə bir toxunuşla tora göndərib. Az sonra Qurbanov 17 yaşlı Tural Rzayevi də meydana buraxıb.
Oyunun sonuna yaxın Rusiya təmsilçisi 2 dəfə fərqlənsə də, bu “Qarabağ”ın 2013-də ilk qələbəsini əngəlləməyib.
Qeyd edək ki, “Qarabağ”da xəstəlik və zədə səbəbindən Zaur Həşimov, Kristian Torres, Tural İsgəndərov forma geyinməyib.
