20 yanvar 2013 00:36

“Azərbaycanı xaricdə təmsil etmək çox şərəflidi”

"İnter"in Uşaq-Gənclər Futbol Məktəbinin ən istedadlı futbolçularından biri, hazırda klubun əvəzedici heyətində çıxış edən Mansur Nahəvəndi müsahibəsində hazırda keçirilən təlim-məşq toplanışı barədə danışıb, gənclərdən ibarət U-19 komandasında çıxış etmək perspektivini dəyərləndirib və digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Mansur, mövsümün ilk hissəsini "İnter"in əvəzedici heyəti üçün necə dəyərləndirə bilərdin?
- Mövsümün birinci hissəsi bizim üçün yaxşı keçdi. Komandamız qış fasiləsinə 3-cü yerdə yollandı. Yaxşı oyun sərgiləyə bilmişik, lakin nisbətən bəzi zəif komandalarla görüşlərdə xal itkisinə də yol vermişik. Güclü rəqiblərə qarşı yaxşı mübarizə aparıb qələbə əldə etsək də, əvvəl qeyd etdiyim kimi, zəif komandalarla oyunda bəzən xal itirmişik. Biz o xalları itirməsəydik, o zaman turnir cədvəlinin birinci pilləsində qərarlaşa bilərdik. İnşallah, ikinci dövrədə bu səhvləri təkrarlamayacağıq və çempionluq uğrunda sona kimi mübarizə aparacağıq.
 
- Cəmi 16 yaşının olmasına baxmayaraq, sən artıq bir neçə ildir ki, özündən yaşca böyük olan futbolçularla bir yerdə əvəzedici heyətdə çıxış edirsən. Daha təcrübəli və yaşda böyük olan komanda yoldaşlarıyla birgə oynamağın və məşq etməyin yəqin ki, sənin daha tez inkişaf etməyinə müsbət təsir göstərir. . .
- Təbii ki, yaşca səndən böyük olan futbolçular daha tez hərəkət edirlər, etdiyi hərəkətləri daha mükəmməl yerinı yetirirlər və ən əsası da onlar daha tez fikirləşirlər. Hər məşqdə və hər oyunda mən yaşda böyük olan futbolçulardan nəyisə öyrənməyə çalışıram. Burada məşqçi tapşırıqları da böyük rol oynayır. Baş məşqçinin və onun köməkçilərinin dediyi sözləri diqqətlə dinləmək lazimdır ki, onların və verdiyi tapşırıqları dəqiq yerinə yetirəsən. Onların səndən nə istədiyini başa düşəsən. Bizim yaşda olan futbolçular hər bir məsələyə fikir verməlidirlər. Ən böyük hədəfimiz əsas komandaya düşməkdir və məşqçilər korpusu da bizi məhz buna hazırlayır.
 
- Hazırda "İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışındadır. Bilmək istərdik, məşqlər necə gedir və toplanışın gedişi haqqında nə deyə bilərdin?
- Qış fasiləsində təlim-məşq toplanışı adətən çətin keçir. Toplanışın əsas məqsədi komandanın çempionatın ikinci hissəsinə hazır duruma gətirməkdən ibarətdir. Məşqlərin ağır keçməsinə baxmayaraq, futbolçular məşqçinin verdiyi tapşırıqları yerinə yetirirlər və öz üzərilərində çalışırlar. Zənnimcə, bu toplanış bizim üçün çox faydalı olacaq və komandamıza böyük xeyir gətirəcək.
 
- Karyeran ərzində Azərbaycanın U-15 və U-16 yığma komandalarında çıxış etmisən. 17 yaşlılardan ibarət millimizin kapitanı idin, lakin yaş limitinin keçməsinə görə artıq yeni ildə komandanın şərəfini qoruya bilməyəcəksən.
- Çox təəsüf ki, U-17 komandasıyla məğlubiyyətlə ayrıldım. Avropa Çempionatının seçmə mərhələsində uğursuz çıxış etdik və daha sonra demək olar ki, bütün futbolçular yaş limitinə görə komandadan ayrılmalı oldular. Daha yaxşı çıxış edə bilərdik, lakin ruh düşkünlüyü yığmamıza uğur qazanmaqda mane oldu.
 
- 17 yaşlılardan ibarət millidə karyeran başa çatsa da, gələcəkdə U-19 yığmasının şərəfini qoruya bilərsən. Yəqin ki, bu komandaya dəvəti də səbirsizliklə gözləyirsən?
- Təbii ki. Bildiyiniz kimi, U-19 yığması Sankt-Peterburqda keçirilən beynəlxalq turnirə qatılmışdı və millimizin heyətində "İnter"in iki futbolçusu da çıxış etmişdi. Mənim hələ 16 yaşım var, düşünürəm ki, bizə U-17 millisində karyeramızı başa çatdıran futbolçulara dəvət gələn il və ya ən yaxşı halda bu ilin sonunda gələcək. Təbii ki, bu dəvətin gəlməsi üçün klublarımızda özümüzü yaxşı tərəfdən göstərməliyik.
 
- Son mövsümlərdə "İnter"in əvəzedici heyətində çıxış edən futbolçular daha intensiv halda klubumuzun əsas heyətinə cəlb olunurlar. Bu mövsümdən etibarən Coşqun Diniyev, Ramil Mansurov, Ruslan Cəfərov və digər gənc futbolçular artıq "İnter"in əsas heyət oyunçularına çevrilirlər. Yəqin ki, gələn mövsümdən etibarən sən də ən azı əsas komanda ilə birgə məşq etmək arzusundasan?
- Bir az əvvəl vurğuladığınız kimi, yaşca səndən böyük, səndən təcrübəli futbolçularla bir yerdə məşq etmək və meydana çıxmaq çox faydalıdır. Hazırda "İnter"in əsas komandasıyla birgə məşq edən əvəzedici heyətin üzvləri böyük təcrübə toplayırlar. Biz də səylə çalışırıq ki, əsas komandaya dəvət qazanaq. Komandamızın baş məşqçisi də bizi məhz əsas komanda üçün hazırlayır, başlıca məqsədimiz əsas komandaya düşməkdir.  Düşünürəm ki, bunu etmək üçün çox çalışmaq lazımdır. Sualınızla bağlı bir də onu deyə bilərəm ki, inşallah, bir ildən sonra əsas komanda üçün əsas namizədlərdən birinə çevrilərəm.
 
- Son zamanlar Azərbaycanın gənc futbolçularına xaricdən də maraq artır. Bilmək istərdik, sənin xaricdə oynamaq perspektivin varmı? Ümumiyyətlə, belə bir təkliflə üzləşmisən?
- Bir neçə il əvvəl mənə Moldovadan təklif gəlmişdi, amma yaşım az olduğuna görə oraya yollanmadım. Valideynlərim də belə qərara gəldilər ki, mən karyeramı Azərbaycanda davam etdirməliyəm.
 
- Bəs əgər gələcəkdə belə bir təklif gəlsə, onu qəbul edə bilərsən?
- Təbii ki. Azərbaycanı xaricdə təmsil etmək çox şərəflidir. Bu, çox məsuliyyətli və qürurverici işdir.
 
- Mənsur Nəhəvəndi hansı xarici komandaya azarkeşlik edir?
- İspaniyanın "Barcelona" klubunun oyun üslubunu çox bəyənirəm. Onlar müasir futbolu özündə əks etdirən bir komandadır.
 
- "İnter"in əvəzedici heyətində çıxış edirsən, lakin bununla yanaşı klubumuzun U-17 komandasının da formasını geyinirsən.
- Bəli, amma bu mövsümdə U-17 Liqasında yalnız 6-7 oyunda çıxış etmişəm. Çox vaxt əvəzedici heyətlə birgə meydana çıxdığıma görə 17 yaşlılardan ibarət komandanın oyunlarına qatılmıram.
 
- Maraqlıdır, bu mövsümdə öz oyunundan nə gözləyirsən?
- Bu artıq mənim əvəzedici heyətdə keçirdiyim 2-ci mövsümdür. İndiki təlim-məşq toplanışında və gələcək oyunlarda çalışacağam ki, əsas heyətdə yer alım. İlk on birlikdə yer almağı çox arzulayıram, bundan başqa Azərbaycanın U-19 milli komandasına düşməyi də çox istəyirəm.
 
- Bir neçə il əvvəl İtaliyanın "Milan" futbol klubunun Bakıda keçirdiyi "Milan Junior Camp" layihəsinə qatılmışdın. Daha sonra bu layihənin ən yaxşı futbolçulardan biri seçildin və Milana yollandın. Yəqin ki, İtaliyaya gediş və "Milan Junior Camp" layihəsində iştirak karyeran ərzində ən yadda qalan hadisələrdən biri oldu?
- O vaxt hələ çox balaca idim, lakin buna baxmayaraq baş verənlər yadımda yaxşı qalıb. İtalyanın "Milan" klubunun məşqçiləri və nümayəndələri Bakıya gəlib, ən yaxşı futbolçuları seçməliydilər. Mən də məşqlərə qatırlmış 300 nəfər futbolçu arasındaydım. Bir neçə gündən sonra "Şəfa" stadionun əsas meydanında seçmələrin ən yaxşıların adları açıqlanmalıydı. Hər nominasiyada ən yaxşıların adları çəkilirdi, mən artıq düşündüm ki, bu siyahıda adım olmayacaq, çantamı götürüb meydanı tərk etmək istəyirdim, lakin daha sonra mənim adımı seçilmiş 4 ən yaxşı futbolçular siyahısında eşitdim. O zaman çox sevinmişdim. Sevincimi evdəkilərlə də paylaşdım. Bir ildən sonra biz Milana yollandıq. Orada bizim üçün turnir təşkil olunmuşdu və biz "San-Siro" stadiona da baş çəkdik. "Milan"ın məşqçiləri oyunumuzu yaxşı dəyərləndirdilər. Ümummiyyətlə, bu, mənim üçün çox yadda qalan layihə oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.