20 yanvar 2013 00:48
Rauf Əliyev: Bakının hücum xəttində rəqabət yoxdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev “Qarabağ”ı tərk etsə də, hələlik onun “Bakı”ya keçidi də tam həllini tapmayıb. Hazırda “zolaqlılar”ın Türkiyə toplanışında iştirak edən millimizin forvardı yaranmış durumla bağlı azerisport.az saytına fikirlərini açıqlayıb. O, öncə Bolqarıstanın “Etır” klubu ilə yoxlama matçında iştirak etməməsinə münasibət bildirib:
“Bu oyunda oynamaq istərdim. Amma hələlik şansımı gözləyirəm. Baş məşqçi Bojidar Bandoviçlə söhbətləşmişəm. O, bildirdi ki, mənim xidmətimdə maraqlıdı. Ümid edirəm ki, tezliklə “Bakı”nın futbolçusu olacam”.
Əliyev paytaxt klubunda liderlərdən biri olacağına ümidlidi: “Mən klubla növbəti mövsümə qədər müqavilə bağlamaq istəyirəm. Düşünmürəm ki, komandada mənim oynadığım mövqedə rəqabət var. Düzdü, ola bilər bundan sonra başqa hücumçu da alınsın. Hələ bilmirəm. Amma əsas heyətə düşə biləcəyimə inanıram”.
“Qarşıda “Bakı”nı beş oyun gözləyir. Əgər onların hamısını qazana bilsək, ilk altılığa düşməyi bacararıq. Bu, komandayla yanaşı, mənim üçün də çox vacibdi. Bu yolda əsas rəqiblərimiz kimi, AZAL və “Qəbələ”ni xüsusi qeyd edərdim. Yeni klubum üçün vacib qollar vurmaq istəyirəm”.
Rauf keçmiş klubu haqda sualımıza isə belə cavab verdi: “Qarabağ”ı xatırlayırammı? Niyə ki? Məgər hər futbolçu hansısa komandadan getdikdən sonra yerinə kimin gətiriləcəyini düşünməlidi”?
Əliyev yığma haqda da danışıb: “Berti Foqtsun məni yığmaya çağırmasından xəbərim var. Ayın 28-də “Bakı” vətənə dönəcək. Bir gün sonra isə mən millinin düşərgəsinə yola düşəcəm. Orda bizi Özbəkistan və Lixtenşteynlə yoxlama oyunları gözləyir. Həmin oyunlarda meydana çıxmaq istəyirəm”.
