21 yanvar 2013 12:23
Rəvan sınaq matçında yeni futbolçularını sınadı (FOTOREPORTAJ)
Yanvarın 10-dan təlim-məşq toplanışına start verən, ayın 16-dan isə məşqləri intensivləşdirən "Rəvan” çempionatın yerdə qalan bölümünə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, rəqib klubun əvəzedicilərdən ibarət komandası olub.
Bayıl qəsəbəsində yerləşən eyniadlı stadionda 16:40-da start götürən oyunda əsas komanda Xuan Manuel Vareanın vurduğu 2 qolla əvəzediciləri üstələyib.
Qeyd edək ki, hər iki baş məşqçi – həm Ramil Əliyev, həm də Elşad Quliyev düşərgədə olan yeni futbolçuları sınayıb. Bu üzdən komandalar hər hissədə fərqli heyətlərlə meydana çıxıb. Bu baxımdan əsas komandada baxışda olan serbiyalı Miloş Adamoviç istisna təşkil edib: o ikinci yarıda da meydana çıxıb. Adamoviçlə bağlı onu vurğulayaq ki, Miloş OFK-nın yetirməsidi və dayaq yarımmüdafiəçisidi. O bu klubdan başqa, Serbiyada "Palilulats”, Vranye "Dinamo”su, Moldovada "Şerif”, Polşada "Poloniya”, Qazaxıstanda "Taraz” və "Sunkar” klublarının şərəfini qoruyub. Adamoviç məhz elə "Sunkar” klubundan gəlib. Məşqçilər korpusu yenilərlə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.
Onu da əlavə edək ki, əsas komanda növbəti yoxlama oyununu yanvarın 24-də I divizion təmsilçisi "Qaradağ Lökbatan”a qarşı keçirəcək. Əvəzedicilərdən ibarət komanda isə ayın 28-də MOİK-lə üz-üzə gələcək. Əvəzedicilərin yaxın günlərdə hazırlıq məqsədilə Salyana üz tutacağını da bildirək.
