22 yanvar 2013 00:54
Hacıyev: Neftçidə belə şey mümkün deyil
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Türkiyə toplanışı çərçivəsində Qazaxıstan “Aktobe”sinə qarşı keçirdikləri yoxlama oyunundan sonra azerisport.az saytına fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis komandasının 3:2 hesablı qələbəsi ilə bağlı öncə bunları dilə gətirib:
“İki fərqli hissə izlədik. Birinci yarıda üstünlük komandamın tərəfindəydi. Biz xeyli qol vəziyyətləri yaratdıq və onlardan ikisini qola çevirdik. İkinci hissədə heyətimizdə çoxlu dəyişikliklər etdik. Bu da nəticəyə təsirsiz ötüşmədi. Buraxılan qollardan narazı qaldım”.
“İki fərqli hissə izlədik. Birinci yarıda üstünlük komandamın tərəfindəydi. Biz xeyli qol vəziyyətləri yaratdıq və onlardan ikisini qola çevirdik. İkinci hissədə heyətimizdə çoxlu dəyişikliklər etdik. Bu da nəticəyə təsirsiz ötüşmədi. Buraxılan qollardan narazı qaldım”.
Qeyd edək ki, Böyükağa Hacıyev ilk yarıda Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Rəşad Sadiqov, Mahir Şükürov, Flavinyo, Nikolas Kanales, Araz Abdullayev, Xose Kabion və Pedro Ariasa şans vermişdi.
Təbii ki, bu oyunda da əsas diqqətlər “ağ-qaralar”ın baxışda olan futbolçularına - Kabionla Ariasa yönəlmişdi. Hər iki futbolçu bu görüşdə kifayət qədər yaxşı təsir bağışladı. Düzdü, bəzən komanda yoldaşları ilə anlaşılmazlıqlar olsa da, bunu başa düşmək olardı. Amma hər şeyə rəğmən, Kanaleslə Arias “Aktobe”nin qapısına yol tapmağa nail oldu.
İkinci hissədə meydana çıxanlar arasında artıq Emil Balayev, Erik Ramos, Julius Vobay və Bahodir Nasimovu da görmək olardı. Məhz sonuncu komandasına daha bir qol qazandırmaqla yadda qaldı. Rəqib fasilədən sonra daha yaxşı təsir bağışlasa da, məhz Balayevin inamlı çıxışı sayəsində “Neftçi” üstünlüyünü tam əldən vermədi. Görünür, Berti Foqts bu qapıçını milliyə çağırmaqla düzgün hərəkət edib.
Amma qələbəyə rəğmən, Hacıyev yetirmələrinin çıxışından tam razı qalmamışdı. O, baxışda olan legionerlərin çıxışına da münasibət bildirdi: “Biz onlarla bağlı qərar verməyə tələsmirik. Yanvarın 23-də daha bir oyunumuz var. Onları həmin görüşdə də sınamaq istəyirəm. Kabion müdafiədə yaxşıdı. Amma “Neftçi” hücum futbolu sərgiləyir. Ariasın yaxşı texnikası var. Amma formada deyil. Ona görə də hələ yekun qərarımı açıqlamaq istəmirəm”.
Maraq üçün bildirək ki, Kabion və Ariasla da müqavilə bağlanılsa, “Neftçi”də maraqlı bir qrup yarana bilər. Çünki artıq komandada Kanales, Flavinyo və Denis Silva da var. Bu barədə Hacıyevə ünvanladığımız sualın cavabı da maraqlıdı: “Mən başa düşdüm siz nəyə işarə vurursuz. Amma arxayın olun. Mən ispan qruplaşmasının yaranmasına imkan vermərəm. “Neftçi”də belə şeylər mümkün deyil”.
“Neftçi”nin çalışdırıcısı onu da bəyan edib ki, daha bir futbolçunun yolunu gözləyir: “Mən seleksiyaçı-məşqçilərimizdən cavab gözləyirəm. Onlar nə vaxt mənə yeni qapıçı göstərsələr, razı olacağam. Əgər bu olmasa, fikrimi Bakıya qayıdandan sonra deyəcəm”.
Qeyd edək ki, “Neftçi” növbəti matçını Makedoniyanın “Metallurg” klubuna qarşı keçirəcək: “Bu oyunda heyəti dəyişməyi düşünürəm. Mitreski ilə Sadiqov oynamayacaq. Çünki onlar çox yükləniblər. Rəşad həm də zədə alıb. Ramos, Seyidov və Mehdiyev isə əsas heyətdə oynamağa hazırdılar”.
