22 yanvar 2013 01:42
Branimir Subaşiç rəsmən Qarabağda!
“Qarabağ” qış transfer pəncərəsində transferə doymur. Azerisport.az xəbər verir ki, artıq Elvin Musazadə, Kristian Torresi sıralarına qatan komanda daha bir keçidi həll edib.
Azərbaycana gəlmiş ən güclü qoleadorlardan sayılan Branimir Subaşiç artıq “Qarabağ”ın uğurları üçün tər tökəcək. Azərbaycan millisinin də şərəfini qoruyan Bane artıq “Qarabağ”ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb.
Subaşiç Ağdam klubunun rəsmi saytına keçid və hədəfləri haqqında danışıb: “Artıq neçə illərdi Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. “Qarabağ”ı da yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. “Qarabağ”ın sistemi, məqsədi hər şeyi bəllidi. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdu. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik”.
