22 yanvar 2013 12:18
Simurqda xorvat hücumçu (FOTO)
“Simurq” Antalya toplanışı çərçivəsində yeni futbolçular sınamağa davam edir. Azerisport.az xəbər verir ki, artıq Zaqatala klubunun düşərgəsinə daha bir legioner təşrif buyurub.
Bu, xorvatiyalı hücumçu Tomislav Buşiçdi. 26 yaşlı futbolçu “Slaven Belupo” klubunda çıxış edir. Onun bu gün Bolqarıstanın CSKA klubu ilə qarşılaşmada iştirakı istisna deyil.
Qeyd edək ki, Buşiç peşəkar karyerasına 2004-cü ildə “Hajduk”da başlayıb. O, bu klubda 2009-cu ilə qədər 86 oyuna 28 qol vurub. 2007-2008-ci illərdə Kiyev “Dinamo”sunda icarədə olsa da, burda oyun keçirməyib. 2009-2010-cu illərdə “Maccabi Petah Tikva” klubunda çıxış edən futbolçu 19 oyuna 1 qol vurub. 2010-cu ildən keçdiyi “Slaven Belupo”da 31 qarşılaşmada 6 qola imza atıb.
Buşiç Xorvatiyanın U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında bütövlükdə 58 oyunda 31 qol vurub.
