23 yanvar 2013 16:18
Bombardir mükafatlandırıldı (FOTOLAR)
Bu gün U-16 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Bakı" klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Valeh Seyidov AFFA tərəfindən mükafatlandırılıb.
Azerisport.az xəbər verir ki, Tədbir V.Seyidovun təhsil aldığı Nərimanov rayonundakı "Ankara məktəbi" məktəb-liseyində təşkil olunub.
Tədbirdə əvvəlcə Valeh Seyidovla bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev çıxış edib. O, bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır: "Bu tədbirlər futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Futbolçuların təhsil aldıqları məktəblərdə mükafatlandırılması bütün şagirdlərin futbolla daha yaxından maraqlanmasına zəmin yaradır".
Sərxan Hacıyev AFFA-nın hədiyyələrini 42 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Valeh Seyidova təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.
"Ankara məktəbi" məktəb-liseyinin tədris işləri üzrə direktor müavini Məhəbbət Qurbanova çıxış edərək tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığını bildirib.
