25 yanvar 2013 16:56
“Azərbaycan futbolunda hər şey mümkündü”
“Simurq”un aparıcı futbolçularından biri – Mario Bojiç azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından danışıb, hazırlıqları dəyərləndirib.
“Mən Türkiyədə çox olmuşam. Bu, deyəsən, yeddinci səfərim olmalıdı. Burda olmaq həmişə xoşdu. Axı futbolçu üçün isti havada hazırlaşmaq vacibdi. Qışda heç də hər yerdə Antalyadakı kimi günəşli hava olmur. Oteldən də razıyam. Məşq edirik. İstirahət üçün də hər cür şərait var. Yaxşı hazırlaşmaq üçün bizə belə şərait lazımdı”.
Bojiç hazırlıq prosesindən də danışıb: “Tam gücümüzlə hazıraşırıq. Burda keçirdiyimiz yoxlama oyunlarında nəticə barədə düşünməməliyik. Bu oyunlar sadəcə nə dərəcədə hazır olduğumuzu göstərir. Məsələn, CSKA ilə oyundan sonra analizlər apardıq, səhvlərimizi görməyə, aradan qaldırmağa çalışdıq. Bu, tamamilə normaldı. Əsas odu ki, çempionat oyunlarına qədər yüz faiz hazır ola bilək”.
Təcrübəli futbolçu komandasının avrokuboklara vəsiqə qazanmaq şanslarından da danışıb: “Mövsüm öncəsi biz favoritlər arasında deyildik. Lakin mövsümün sonuna qədər üst pillələrdə qalıb-qalmayacağımızı proqnozlaşdırmaq da çətindi. Azərbaycan futbolunda hər şey mümkündü. Əksər klubların yaxşı büdcələri var. Rəqabət böyükdü. Biz də Avropaya vəsiqə qazanmaq istəyirik. Buna nail olsaq, mənim üçün sürpriz olmayacaq”.
Bojiç onu da qeyd edib ki, komandanın baş məşqçisi Georgi Çixradze və komandası onun çox xoşuna gəlir: “Mən “Simurq”da çox xoşbəxtəm. Georgi Çixradze karyeramda üzləşdiyim ən yaxşı məşqçidi. Mən hələ belə məşqçi görməmişdim. O, həm məşqçi, həm də insan kimi bir nümunədi. Belə klubda olduğuma görə qətiyyən şikayətlənə bilmərəm”.
Lakin futbolçu etiraf edib ki, Zaqatalada oynamaq onun üçün o qədər də asan deyil: “Zaqatalada yaşamaq mənə çətindi. Özüm Belqraddan olsam da, Bratislavada, Budapeştdə, Təl-Əvivdə, Şanxayda yaşamışam. Əlbəttə, ailəm üçün darıxıram. Mən “Simurq”a futbol oynamaq üçün gəlmişəm və yaxşı nəticələr qazanmaq istəyirəm”.
