30 yanvar 2013 01:03
“Antalyada keçirdiyimiz iki oyunda 6 qol vurmağımız yaxşı nəticədi”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis yığmamızın qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Üç qol vurmağımız məni sevindirir. Rəqiblərimizin zəif olmasına baxmayaraq, Antalyada keçirdiyimiz iki qarşılaşmada 6 qol vurmağımız yaxşı nəticədir. Üstəlik, bu qolları 4 futbolçu vurub. Yəni komandada “vuran ayağ”ımız çoxdu.
Əslində, nəticə məni çox maraqlandırmırdı. Bəzi yenilikləri sınadım. 4 yeni futbolçuya şans verdim. Sanki heyət üzvləri arasında meydanda yarış qurmuşduq. Top rəqibdə olan zaman futbolçularımın davranışı, meydandakı hərəkəti xoşuma gəlmədi. Rəqibə çox şans yaradırıq. Həm də uşaqlar oyun zamanı meydanda sərbəst olmurlar. Bunların üzərində işləyəcəyik”.
