31 yanvar 2013 16:15
Hafiz Məmmədovdan Arda Turana dəstək: Səndən yaxşı oyun, Atleticodan qələbə gözləyirik
“Bakı”nın prezidenti Hafiz Məmmədovla Gənclər və İdman Naziri Azad Rəhimov bu gün İspaniyanın paytaxtı Madriddə “Atletico” klubunun futbolçuları ilə görüşüb. Azerisport.az xəbər verir ki, Məmmədovla Rəhimov Madrid təmsilçisinin üzvlərinə bu gün İspaniya Kral Kuboku çərçivəsində “Sevilla”ya qarşı keçirəcəkləri oyunda uğurlar arzulayıblar.
“Bakı”nın prezidenti xüsusilə Arda Turanla səmimi söhbət edib. O, qardaş Türkiyə yığmasının yarımmüdafiəçisinə dəstək göstərib: “Azərbaycanda sənin çoxlu azarkeşlərin var. Biz hamımız inanırıq ki, sən bu komandada böyük uğurlar qazanacaqsan. Bu gün isə biz “Atletico”ya azarkeşlik edəcəyik. Komandandan qələbə, səndən də yaxşı oyun gözləyirik”.
Qeyd edək ki, “Atletico” – “Sevilla” matçını Hafiz Məmmədovun təşəbbüsü ilə hazırda Madriddə olan azərbaycanlı nümayəndə heyəti də “Visente Kalderon” stadionunda canlı izləyəcək.
