2 fevral 2013 00:34
Gəncə derbisi yenə sülhlə başa çatdı
Ötən gün "Kəpəz"in əvəzedici heyəti yoxlama görüşündə Gəncəni birinci divizionda təmsil edən "Tərəqqi" ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Gəncə şəhər stadionunda reallaşan oyunu Sərxan İsmayılovun başçılıq etdiyi yerli gənc hakimlər briqadası idarə edib.
Hər iki komandanın baş məşqçisi ilk dəqiqələrdən meydana əsas futbolçularını buraxıb. Bunun da nəticəsi olaraq, tribunalara toplaşan azsaylı tamaşaçılar çəkişməli mübarizəyə şahid olublar. Ancaq futbolçuların səyinə baxmayaraq, ilk yarıda hesab açılmayıb. Yalnız fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqlənmək imkanı əldə ediblər. İkinci hissədə məşqçilər əsasən ehtiyat qüvvəni və heyətdə baxışda olanları gözdən keçirmək üçün meydanda onlara şans verib. Özlərini ən yaxşı tərəfdən göstərməyi bacaranlardan Ülvi Aslanov və Şikar Abbasov toru sirkələyib. Əvvəlcə "Tərəqqi"dən Aslanov hesabı açıb. "Kəpəz"in əvəzedici heyətindən isə Abbasov bərabərliyi yaxalayıb - 1:1.
Bu oyun komandalar arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşü olub. Belə ki, tərəflər ötən həftə üz-üzə gəlmiş və həmin görüş də bərabərliklə nəticələnmişdi - 0:0.
