2 fevral 2013 14:16
Rəvan: üçüncü oyun, üçüncü 1:1
Premyer Liqaya hazırlığını davam etdirən "Rəvan” növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, komandanın bu dəfəki rəqibi birinci divizionun iddialılarından "Neftçala” olub.
"Bayıl Arena”da keçirilən görüşdə baş məşqçi Ramil Əliyev yenə müəyyən eksperimentlər həyata keçirib. Hər halda sınaq matçlarını "poliqon”a çevirməklə çempionat üçün dəyərli nəticələr əldə etmək olar və "sükan sahibi” bu fürsətdən maksimum yararlanmaq istəyib. Üstəlik, təxminən 1 həftədir komandanın fiziki hazırlığa xüsusi diqqət ayırması futbolçuların meydanda yorğun olmasına gətirib çıxarmışdı. Elə bu üzdən də futbolçular ləng hərəkət edirdi.
Oyuna gəlincə, “Rəvan” ardıcıl 3-cü dəfə heç-heçə etdi. Daha öncə "Qaradağ Lökbatan” və "Sumqayıt”la 1:1 oynayan "Rəvan” ənənəsinə sadiq qaldı: yenə 1:1 hesabı qeydə alındı. İlk yarının sonlarında hakimin təyin etdiyi penalti nəticəsində reallaşan qolla hesabda geri düşən komanda matçın sonuna 10 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Komandada baxışda olan Ramazan Abbasov künc zərbəsindən sonra müdafiəçilərin ilk cəhddə uzaqlaşdırdığı topu cərimə meydançası xətti üzərindən güclü zərbəylə rəqib toruna göndərdi.
Beləliklə, “Rəvan” Premyer Liqanın 2013-cü ildəki bölümünə hazırlıq çərçivəsində keçirməyi planlaşdırdığı oyunları tam başa vurdu. Bərpa prosesi çərçivəsində bir sıra layihələr nəzərdə tutulub. Bazar günü komanda üzvləri istirahət edəcək. Gələn həftədən başlayaraq isə komanda sırf "Turan”la Premyer Liqanın fevralın 9-da baş tutacaq görüşünə hazırlaşacaq.
