4 fevral 2013 00:14
İnter Türkiyə toplanışını başa vurdu
"İnter" rəhbərliyi Türkiyə toplanışının nəticələrinə dair yekun görüş keçirib. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Kaxaber Tsxadadze toplanışın yekunları barədə qısa məruzə edib, 24 gün davam edən toplanış ərzində böyük iş görüldüyünü diqqətə çatdırıb.
Toplanış çərçivəsində keçirilən yoxlama matçlarında nümayiş etdirilən komanda oyununa görə hər bir futbolçuya minnətdarlığını bildirən gürcüstanlı mütəxəssis əlavə edib ki, komandanın qarşısında böyük hədəflər dayanır və "İnter"in hər bir üzvü bu məqsədə doğru can atmalıdı.
Komandanın direktoru Natiq Məmmədov toplanışın uğurla başa çatdığını vurğulayıb və Premyer Liqanın ikinci hissəsində keçiriləcək qarşılaşmalarda məşqçilər korpusuyla yanaşı, hər bir futbolçuya müvəffəqiyyətlər arzulayıb.
Əlavə edək ki, "İnter" fevralın 6-da "Şəfa" stadionunda toplaşacaq.
