3 fevral 2013 12:58
Türkiyə mətbuatı Məlikovun meydandan qovulduğu oyuna qiymət verdi
Türkiyə mətbuatı “Denizlispor”un azərbaycanlı futbolçusu Rail Məlikovun PTT Birinci Liqanın son turunda “Adana Demirspor”a qarşı keçirdiyi oyuna qiymət verib. Azerisport.az xəbər verir ki, onun komandası səfərdə keçirilən oyunda rəqibinə 1:2 hesabıyla uduzub.
Daha iki komanda yoldaşının və baş məşqçisinin meydandan qovulduğu görüşdə Rail də qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, onun qardaş ölkədə üzləşdiyi ilk belə aqibətdi.
Amma buna baxmayaraq, türkiyəli həmkarlarımız onun çıxışını altı balla qiymətləndiriblər.
Qeyd edək ki, “Denizlispor”un digər azərbaycanlı futbolçusu Arif İsayev bu görüşdə zədə səbəbindən forma geyə bilməyib. “Adana Demirspor”dakı futbolçumuz Cavid Hüseynov isə hazırda yığmamızın Dubay toplanışında iştirak edir.
