3 fevral 2013 13:16
Serezo: Azərbaycanlı futbolçular Atleticoda forma geyə bilərlər
1 fevral 2013-cü il tarixində İspaniyanın paytaxtı Madrid şəhərində "Bakı" və "Atletico" arasında geniş əməkdaşlıq barədə imzalanma mərasimindən sonra “zolaqlılar”ın rəsmi internet saytına müsahibə verən Madrid klubunun prezidenti Enrike Serezo maraqlı fikirlər səsləndirib. Azerisport.az xəbər verir ki, Serezo Azərbaycanın artıq doğma bir ölkə olduğunu vurğulayaraq əməkdaşlıq barədə bunları söyləyib:
"Günü-gündən inkişaf edən və maraq dairəsinə düşən Azərbaycan bizim üçün artıq doğma ölkədir. Biz klublarımız arasında başlanan əməkdaşlıqdan fəxr duyuruq.
Bu müqaviləyə əsasən, azərbaycanlı futbolçular bizim futbol akademiyasında futbol təlimləri ilə bərabər təhsil də alacaqlar. "Bakı" futbol klubu bizə böyük etimad göstərib, çalışacağıq ki, bunun qarşılığını layiqli şəkildə verək.
Klublarımız arasındakı işbirliyi xalqlarımızın da yaxınlaşmasına xidmət edəcək. Biz bu əlaqələrin inkişaf etməsini arzu edirik. Azərbaycan son zamanlar sürətli inkişafı ilə diqqət mərkəzindədir. Bu bizi çox sevindirir.
İspaniyada futbol mövsümünün başa çatmasından sonra ölkənizi ziyarət etmık istəyirik. Bu səfər zamanı "Bakı" və "Atletico" arasında yoldaşlıq görüşünün keçirilməsi əsl futbol bayramına çevrilə bilər.
Azərbaycanlı futbolçuların "Atletico"nun akademiyasında hazırlıq keçməsi bizə göstərilən böyük etimadın nəticəsidir. İnanıram ki, istedadlı gənc futbolçular burada yüksək səviyyəyə yüksələcəklər".
Gələcəkdə azərbaycanlı futbolçuları "Atletico"nun heyətində görmək nə dərəcədə realdır? - sualını cavablandıran cənab Serezo bunları söyləyib: "Niyə də olmasın? Özünü ən yaxşı tərəfdən göstərən bacarıqlı azərbaycanlı futbolçuları komandalarımızın heyətində görmək mümkünsüz deyil. İnanıram ki, bu tamamilə real bir hal olar, azərbaycanlı oyunçulara "Atletiko"nun heyətində şans verilə bilər".
