7 fevral 2013 17:07
Simurq Tomislav Buşiçlə münasibətlərini rəsmiləşdirdi (FOTO)
"Simurq" komandanın düşərgəsində baxışda olan Tomislav Buşiçlə münasibətləri rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu gün Zaqatala təmsilçisi ilə müqavilə bağlayan xorvatiyalı futbolçu, mövsümün sonuna qədər “sarı-qaralar”ın formasını geyinəcək.
Tomislav Buşiç "Simurq"un heyətində 12 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı hücumçu peşəkar futbolçu karyerasına 2004-cü ildə ölkəsində başlayıb. 2007-ci ilə qədər "Hayduk"da top qovduqdan sonra, ilk legioner həyatın yaşayıb. 21 yaşında Kiyev "Dinamo"suna icarə əsasında keçsə də, heyətdə özünə yer edə bilməyib və İsrailin "Maccabi" klubuna transfer olunub. Bir il burda da legioner həyatı yaşadıqdan sonra ölkəsinə qayıdıb və "Slaven Belupo" ilə razılığa gəlib. 2010-cu ildən bu komandada forma geyinən Buşiç, ölkəsinin ən köklü klubunun heyətində bir çox uğurlara imza atıb. Xüsusən də cari mövsümdə Avropa Liqasının play-off mərhələsində "Athletic"ə məğlub olan "Slaven Belupo"nun heyətində 4 qarşılaşmada meydana çıxmış və iki dəfə rəqib qapıçılarını məyus etməyi bacarmışdı.
Komandanın Antalya toplanışına dəvət olunan Tomislav Buşiç yanvarın 20-dən "Simurq"un heyətində məşq edir. Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama görüşlərindən üçündə meydana çıxan xorvatiyalı hücumçu "Tom"la matçda komandanın bərabərlik qolunun müəllifi olmuşdu.
