7 fevral 2013 18:30
“Bununla kifayətlənmək fikrində deyiləm”
"Kəpəz"in gənc yarımmüdafiəçisi Elxan Əzizov klub saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Fasilə müddətində baş məşqçi Mahmud Qurbanov bir çox gənclərlə yolları ayırsa da, səni komandada saxladı. Səncə, bu nə ilə bağlıdı?
- İlk növbədə Mahmud müəllimə məni ötən yay komandaya götürdüyü üçün təşəkkür edirəm. Komandamızda cavanlara üstünlük verilir. Baş məşqçimiz gənclərə oynamaq, özlərini göstərmək imkanı yaradır. Yəqin ki, mənim oynamaq istəyimi, həvəsimi nəzərə alaraq, daha bir şans verib. Əslində, onunla işləmək qürurvericidir.
- Mövsümün ilk yarısında səni start heyətində də gördük. Bəs indi necə?
- "Kəpəz"in sıralarında olmaq mənim üçün böyük şansdır. Doğma komandamıza düşmüşəmsə, təkcə bununla kifayətlənmək fikrində deyiləm. Hər bir futbolçunun istəyi meydana çıxıb, komandasına kömək etməkdir. Elə məndə verilən imkandan yararlanıb, sevimli "Kəpəz"imizə xeyir vermək istəyirəm. Məşqlərdə əzmlə çalışıram. Məşqçilər şans verəcəyi təqdirdə əlbəttə ki, oyunlara çıxıb, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışacağam. Özümü doğruldub, nahaq yerə komandada olmadığımı sübut etməliyəm.
- Meydana çıxdığın oyunlarda azarkeşlər sənin həvəs hesabına oynadığını düşünürlər.
- Düz deyirlər. Hardasa təcrübəsizlik olar bilər. Ancaq oynamağa həvəsim olduqca böyükdür. Meydana çıxmağa çox istəkliyəm və buna can atıram. Futbolçuda bacarıq və güclə yanaşı, həvəs də olmalıdır. Bunsuz futbol oynamaq olmaz. Özümdə oynamağa güc hiss edirəm və hər an meydana çıxmağa hazıram. Mən futbol oynamaq, mübarizə aparmaq istəyirəm.
- Çempionatın qarşıdakı hissəsi haqda nə deyə bilərsən?
- Vəziyyətimiz o qədər də yaxşı deyil. Amma hamımız çalışırıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxaraq. Klub rəhbərliyi də sağ olsun, komandaya dəstək verir. Mahmud Qurbanov komandanı təzə götürəndə işlərimiz yaxşı gedirdi. Onun başçılığı altında ilk oyunlarda pis çıxış etmədik. Sonradan komanda uğursuzluq zolağına düşdü. İnşallah, yenidən azarkeşlərimizi qələbələrlə sevindirərik.
