7 fevral 2013 18:42
Vaqif Cavadov: Millidə bombardir olmaq əsas hədəfim deyil
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Antalyadan təlim-məşq toplanışından döndükdən sonra millilərə 6 futbolçu göndərən komanda tam heyətlə çalışa bilmirdi.
Dünən Lixtenşteynlə qarşılaşan millimiz artıq Bakıdadı. 1:0-lıq qələbə zamanı yeganə qola “Qarabağ”ın forvardı Vaqif Cavadov imza atıb. Bununla da 23 yaşlı hücumçu millidə qolların sayını 8-ə çatdıraraq bu göstəricidə 2-ci sıraya yüksəlib.
Vaqif klub saytına verdiyi açıqlamada daha ətraflı danışıb: “Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdı. Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar. Olduqca çətin oyun olacaq. Düzdü, son zamanlar “qırmızı-qaralar”la görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır. Qurban müəllimin məni hücumun sivri ucunda oynatmasına gəlincə. Mənim üçün belə baxanda fərqli yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdı. Millidə qol vurduqdan sonra təbii ki, “Qəbələ”yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik”.
