9 fevral 2013 14:48
Biri qaldı, digəri göndərildi
"Rəvan” qış "transfer pəncərəsi”ndə heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Litva millisinin üzvü Mindauqas Kalonas ilə anlaşıb.
Özünü əsasən Latviyanın "Metallurq” klubunda ən yaxşı tərəfdən göstərən, bu komandayla 2005-ci ildə Latviya çempionu, 2006-cı ildə isə Latviya kubokunun qalibi olan yarımmüdafiəçi İrlandiyanın "Bohemians” komansında da "qızıl dubl” edib (2008-ci ildə). 2009-12-ci illər ərzində Ukrayna premyer liqasında çıxış edən Zaporojye "Metallurq”unun şərəfini qorumuş futbolçunun buna qədər son klubu Polşanın I divizion təmsilçisi "OKS Stomil” olub. Maraq üçün Kalonasın Litva millisinin heyətində 35 matçda forma geydiyini və 2 qol vurduğunu da bildirək.
Litvalı xavbekdən fərqli, yaponiyalı müdafiəçi Naoya Şibamura məşqçilər korpusu tərəfindən bəyənilməyib və düşərgədən ayrılıb.
Beləliklə, “aslanlar” qış "transfer pəncərəsi”ndə heyətinə 6 yeni futbolçu qatdı. Kalonasdan əvvəl "Rəvan” Ramil Həşimzadə, Emin Mustafayev, Nodar Məmmədov, Miloş Adamoviç və Ramazan Abbasovun keçidlərini rəsmiləşdirmişdi. (klub saytı)
