12 fevral 2013 01:30
Qarabağdan seriyaya, Riçard Almeydadan rekorda davam
Məlum olduğu kimi, “Qarabağ” Premyer Liqanın 19-cu turu çərçivəsində “Qəbələ” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, komanda 1:1-lik nəticə ilə xallarına daha birini əlavə etdi.
Oyunla bağlı maraqlı məqamlar yetərincə idi. “Qəbələ” – “Qarabağ” duelinin tarixi çox uzağa getməsə də, statistikada ilginc amil diqqəti cəlb edir. Belə ki, 2006-ci ildən start götürən duellər tarixini 2 yerə bölmək olar: 2009-a qədər və sonrası. İlk mərhələdə “Qarabağ” 8 oyunda rəqibinə qələbə sevinci yaşatmasa da, 2-ci dövrdə Ağdam klubu sadəcə 1 qələbə ilə yadda qalıb.
Son matç da tendensiyanı pozmadı. Amma müsbət məqam ondan ibarətdi ki, “Qarabağ” məğlubiyyətsiz seriyasını davam etdirə bildi. Digər məqam isə adətən millinin toplanışlarından sonra qələbə üzünə həsrət qalan komandanın bu dəfə 1 xal qazana bilməsidi. Oktyabrın 31-də məhz “Qəbələ”yə uduzduqdan sonra 9 oyundu məğlubiyyətin nə olduğunu unudan komanda seriyanı davam etdirə bildi.
Qurban Qurbanovun başçılıq etdiyi “Qarabağ” qış fasiləsindən sonra heç vaxt məğlub olmayıb. Son 5 ili əhatə edən dövrdə Ağdam klubu qış fasiləsindən son ilk oyunda 3 qələbə qazanıb ki, bunun biri də 2 il bundan öncə “Qəbələ” qarşısında (3:0) qeydə alınıb.
“Qarabağ”da Riçard Almeyda vurduğu topla qollarının sayını 7-yə çatdırdı. Braziliyalı bu nəticəylə öz şəxsi rekordunu yenilədi. Belə ki, 23 yaşlı “Riçi” karyerasının ən məhsuldar dövrünü yaşayır. Mövsümün əvvəlində “Jil Visente”dən transfer olunan Riçard 2 il bundan əvvəl Portəgiz klubunda 28 oyuna 6 dəfə fərqlənmişdi. Göründüyü kimi, cənubi amerikalı “Qarabağ”da 19 oyuna 7-ci qoluyla nəticəsini daha da yaxşılaşdırdı. Qarşıda hələ 13 oyun olduğunu nəzərə alsaq, Riçardın məhsuldarlığını yüksəltmək şansı var.
