11 fevral 2013 15:43
Qəbələdən hollandiyalı mütəxəssisə sərfəli təklif (FOTO)
“Qəbələ” klubun futbol akademiyasına hollandiyalı mütəxəssis dəvət edib. Azerisport.az xəbər verir ki, bölgə klubu bu məqsədlə artıq hollandiyalı mütəxəssis Stenli Brarda çox sərfəli təklif ünvanlayıb.
Qeyd edək ki, bu mütəxəssis daha çox Hollandiyanın “Feyenoord” klubunun futbol akademiyasındakı fəaliyyəti ilə tanınır. O, ölkəsinin gənc istedadları üzə çıxarmaq üzrə ən aparıcı mütəxəssislərindən hesab olunur. Məsələn, son bir ildə “Feyenoord”un əsas heyətində futbol akademiyasının 12 futbolçusu çıxış etmək şansı qazanıb. Onlardan üçü – Jordi Klasi, Bruno Martins İndi və Stefan de Vray hətta Hollandiyanın bir neçə gün öncə İtaliyaya qarşı keçirdiyi yoldaşlıq oyununa da dəvət olunublar.
“Feyenoord” rəhbərliyi Brardın fəaliyyətindən çox razıdı. Amma Azərbaycan klubundan gələn sərfəli təklif onun Hollandiya klubundakı fəaliyyətinə son qoya bilər. Halbuki, o, demək olar ki, 20 ilini bu kluba həsr edib – 10 il futbolçu kimi, 10 il də haqqında danışdığımız fəaliyyəti ilə.
Amma Brard açıqlamasında bildirib ki, hələ yeni aldığı təkliflə bağlı qərar verməyib: “Mən hələ heç bir konrket fikir söyləyə bilmərəm. Azərbaycandan aldığım təklif çox cəlbedicidi. Amma hələ qərarımı açıqlamaq istəmirəm”.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasına türkiyəli mütəxəssis Əli Yavaş rəhbərlik edirdi. Amma onun gedişindən sonra bu post boş qalıb.
