12 fevral 2013 19:08
“Bura vaxt keçirməyə yox, futbol oynamağa gəlmişik”
"Kəpəz"in yeni transferi Cəmşid Məhərrəmov "Neftçi" ilə oyun haqda klub saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Bakı klubu ilə görüşdə yeni komandasında debüt edən futbolçu məğlubiyyətə yol açan səbəblər barədə danışıb:
"Oyunun ağır olacağını bilirdik. Uzun müddətdi ki, bir yerdə oynayan futbolçulardan qurulmuş kollektivə qarşı mübarizə apardıq. Az da olsa, rəqibə öz oyunumuzu göstərə bildik. Bizim komandada yeni oyunçular, xüsusən də gənclər çoxdu. Uyğunlaşma baxımından hələ bir-birimizə tam öyrəşə bilməmişik. Çalışacağıq ki, qarşıda oyunlarda daha yaxşı şəkildə çıxış edək".
Müdafiəçi köklü kluba keçdiyini və komandamızın uğursuzluğa son qoyması üçün əlindən gələni edəcəyini bildirib: "Kəpəz"in adı var. Klubun əvvəlki mövqeyini özünə qaytarmalıyıq. Komandanın daha yaxşı çıxış edəcəyinə, irəliyə gedəcəyinə inanıram.Elə bu ümidlə də kluba gəlmişəm. Bura vaxt keçirməyə yox, futbol oynamağa, komandanın uğurlu çıxışı üçün əlimizdən gələni etməyə gəlmişik. Qarşıdakı oyunlarda daha yaxşı "Kəpəz"i görə biləcəksiniz".
