14 fevral 2013 12:14
Millimizin üzvü Petrolulun heyətində 75 dəqiqə oynadı
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri karyerasını Rumıniyanın “Petrolul” klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, həmyerlimiz hazırda məhz bu komandanın düşərgəsində baxışdadı.
Artıq Nəziri ötən gün “Petrolul”un heyətində ilk oyununu da keçirib. Belə ki, yığmamızın üzvü Serbiyanın “Zeta Qoluboviç” klubuna qarşı keçirilmiş yoxlama oyununda forma geyinib. Start heyətdə yer alan Elhad 75-ci dəqiqədə əvəzlənib.
Maraq üçün bildirək ki, Elhad Nəziri Moldovanın “Milsami” klubunda çıxış edirdi. O, iki gün öncəyə qədər məhz komandası ilə birlikdə Türkiyədə təlim-məşq toplanışındaydı. Lakin görünür Rumıniya klubu onu heyətinə qatmaqda maraqlı olduğundan, “Milsami” futbolçusunun baxışa yollanmasına şərait yaradıb. Futbolçumuzun “Petrolul”da qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gəlməlidi.
