14 fevral 2013 12:53
Xəzər Lənkəranda beş yeni debütant
Topaz Premyer Liqasının XIX turunun “İnter”lə oyunu 5 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk “ağ-yaşıl” formada ilk rəsmi qarşılaşmasını keçirdi.
Bununla da klub tarixində bu formanı geyənlərin ümumi sayı 157-yə çatdı. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 152 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində daha 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Mövsümün ilk 18 turunda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə mövsümün debütantlarının sayı 13-ə çatdı.
İndiyədək milliləşənlər də nəzərə alınmaqla 92 legioner və 60 yerli oyunçu komandanın şərəfini qorumuşdu. “İnter”lə 5 qolu vurulduğu matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olundu. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatdı.
İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə “Xəzər Lənkəran” tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç isə Roberto Alvizdən sonra 2-ci xorvatiyalı oldu. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun komandadakı ilk yetirməsidi. Bununla da Almaniya “Xəzər Lənkəran”da təmsil olunan 34-cü ölkə oldu: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
