14 fevral 2013 15:15
“Azərbaycan və Azərbaycan-2 yığmaları finalda üz-üzə gəlsə, mən tarixə düşə bilərəm“
Futzal üzrə Azərbaycan yığma komandasının üzvü, eləcə də Bakıda təşkil olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan-2 komandasının baş məşqçisi Maşado Nilson azerisport.az saytına açıqlama verib. Braziliyalı futzalçı həm məşqçilik etməsi, həm də yığmamızın şərəfini qoruması ilə bağlı bunları dilə gətirib:
“Bu gün əsas yığmamızı Moldova ilə oyun gözləyir. Bu rəqibi məğlub etməliyik ki, finala çıxaq. Böyük ehtimalla finaldakı rəqibimiz Belarus olacaq. Çünki bu komanda demək olar ki, iştirakçılar arasında ən ciddi rəqibdi. Onları da məğlub edib, turnirin qalibi olmalıyıq. Bu, Avropa çempionatının seçmə mərhələsi öncəsi bizim üçün çox vacibdi. Amma düzünü deyim ki, mən finala Azərbaycan-2 komandasının çıxmasını daha çox istəyirəm. Komandamız heç də pis oynamır. Azərbaycan-2-də xeyli perspektivli oyunçular cəmləşib. Yeri gəlmişkən, Azərbaycan və Azərbaycan-2 yığmaları finalda üz-üzə gəlsə, mən tarixə düşə bilərəm. Çünki bir komandanın üzvü, digərinin isə baş məşqçisiyəm. Şübhəsiz ki, belə olan halda öz yetirmələrimə qarşı oynamalı olacağam”.
