16 fevral 2013 00:17
Prinsipial görüşlərlə zəngin tur
Bu gün və sabah Topaz Premyer Liqasında 20-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun 3 oyunu ilk, qalanı isə ikinci matç günü baş tutacaq.
Turun açılış matçında “Bakı” AZAL ilə qarşılaşacaq. “Təyyarəçilər” paytaxtın eyni adlı klubu ilə 18-ci dəfə üz-üzə gələcək. Son 3 matçda qalib gəlməyən “Bakı” həm qələbə sayında, həm də top fərqində geridədi. Lakin son 6 qarşılaşmada qonaqlar qələbəyə həsrət qalıblar. Baxmayaraq ki, ilk dövrədə keçirilən qarşılaşmada AZAL 2:1 hesablı qələbəyə sevinmişdi. Ona görə də “zolaqlılar” bu dəfə qisas almağa çalışacaq. Hər iki komanda ilk altılığa düşmək üçün mübarizə apardığından azarkeşlərin güzəştsiz mübarizə izləyəcəyi dəqiqdi.
İlk altılığa düşməyə çalışan daha bir klub - “Qarabağ” bu tur “Sumqayıt”ı qəbul edəcək. Ağdam klubu qarşılaşmanı hətta heç-heçə başa vurmaqla da ilk altılığa düşməsini tam rəsmiləşdirəcək. Lakin təbii ki, Qurban Qurbanovun komandası qarşılaşmanı qalib başa vurmağa çalışacaqlar. 4-cü dəfə qarşılaşan rəqiblərin duellərində rəqiblər eyni sayda qələbə qazansa da, top fərqində ağdamlılar öndədilər. Lakin bir məqam da var ki, bu klubların qarşılaşmalarında meydan sahibi olan komanda heç vaxt qalib gəlməyib. Ona görə də “Qarabağ” həm də bu sindroma son qoymaq üçün çalışacaq. Maraq üçün xatırladaq ki, ağdamlılar bu rəqib üzərində 6:1 hesablı səfər qələbəsinə sevinmişdilər.
Son pillədə qərarlaşan çempionatın autsayderi “Kəpəz” bu tur yenə Bakıda “Rəvan”ı “qəbul edəcək”. İndiyədək heç vaxt heç-heçə etməyən komandalar artıq 6-cı dəfə üz-üzə gələcəklər. Qələbə sayında üstünlüyə malik olan “Kəpəz” top fərqində heç də öndə deyil. Gəncə təmsilçisi “Rəvan”la oyunların hamısında ən azı 1 qol vurub. Üstəlik əvvəlki 5 duelin heç birində qonaqlar qapısını toxunulmaz saxlamayıblar. İlk dövrədə Bakıda keçirilən qarşılaşmada “Kəpəz” 2:1 hesabıyla qalib gəlmişdi. Bu dəfə isə “aslanlar”ın qələbə qazanmaq şansı daha yüksək qiymətləndirilir. Lakin Mahmud Qurbanovun komandasından da sürpriz gözləməyə dəyər.
Lider “İnter” bu dəfə “Qəbələ” ilə üz-üzə gələcək. İlk altılığa düşməsini rəsmiləşdirən “bankirlər” qarşılaşmaya rahat çıxacaqlar. Həm bu, həm də doğma meydan amili Kaxaber Sxadadzenin komandasının qələbə qazanmaq şanslarını artırır. 18-ci qarşılaşmaya böyük üstünlüklə çıxan “İnter” öz meydanında ümumiyyətlə “Qəbələ”yə uduzmayıb. Üstəlik bu komandaların son 3 matçında qonaqlar xal qazana bilmir. Üstəlik, ilk dövrədə keçirilən görüşdə məhz “Qəbələ” “İnter”i 1:0 hesabıyla məğlub etmişdi. Bu üzdən “bankirlər” həmin məğlubiyyətin qisasını almağa da çalışacaqlar. “Qəbələ” isə hələ ilk altılığa vəsiqəni tam rəsmiləşdirmədiyindən xal və ya xallar qazanmağa çalışacaq. Bu üzdən qonaq komandada müəyyən təzyiqin olması istisna deyil.
Cari mövsüm işləri heç də yaxşı getməyən “Xəzər Lənkəran” evdə “Turan”la üz-üzə gələcək. “Xəzər Lənkəran” öz meydanında heç vaxt uduzmadığı “Turan”la qarşılaşmalarda böyük üstünlüyə malikdi. Cənublular son 12 qarşılaşmada qərblilərin qapısına ən azı 1 qol vurub. Amma ilk dövrədə Tovuzda keçirilən qarşılaşmada qələbəni (2:1) “Turan” bayram etmişdi. Ona görə “ağ-yaşıllar” evdə həm qisas almağa, həm də xal ehtiyatlarını yaxşılaşdırmağa çalışacaqlar ki, ilk altılıq şanslarının azalmasına imkan verməsinlər.
Turun qapanış, eləcə də mərkəzi oyununda isə “Simurq”la son çempion “Neftçi” qarşılaşacaq. Hər iki komanda artıq ilk altılıqdakı yerini rəsmən təmin edib. Bu üzdən də tərəflər qarşılaşmaya sadəcə xal ethiyatlarını daha da yaxşılaşdırmaq üçün çıxacaqlar. Bu klubların əvvəlki 13 oyununda aşkar üstünlük “Neftçi”nin tərəfindədi. Yeganə məğlubiyyətini də evdə alan bakılılar Zaqatalada məğlubedilməzdi və 6 səfər matçında cəmi 1 top buraxıb. “Ağ-qaralar” son 5 oyunda da qalib gəlib. Elə ilk dövrədə Bakıda keçirilən görüşdə də “Neftçi” 2:1 hesabıyla üstün olmuşdu.
Topaz Premyer Liqası
20-ci tur
16 fevral (şənbə)
14:00. Bakı – AZAL
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Kəpəz – Rəvan
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Dalğa Arena”.
16:00. Qarabağ – Sumqayıt
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
17 fevral (bazar)
15:00. İnter – Qəbələ
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. “Şəfa” stadionu.
16:00. Xəzər Lənkəran – Turan
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
17:00. Simurq – Neftçi
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Zaqatala. Şəhər stadionu.
| 1 | İnter | 19 | 10 | 7 | 2 | 22 | 9 | +13 | 37 |
| 2 | Neftçi | 19 | 11 | 2 | 6 | 40 | 22 | +18 | 35 |
| 3 | Simurq | 19 | 9 | 7 | 3 | 24 | 12 | +12 | 34 |
| 4 | Qarabağ | 19 | 8 | 8 | 3 | 24 | 17 | +7 | 32 |
| 5 | Qəbələ | 19 | 8 | 5 | 6 | 22 | 19 | +3 | 29 |
| 6 | XL | 19 | 6 | 6 | 7 | 26 | 21 | +5 | 24 |
| 7 | AZAL | 19 | 5 | 8 | 6 | 23 | 22 | +1 | 23 |
| 8 | Bakı | 19 | 4 | 11 | 4 | 20 | 14 | +6 | 23 |
| 9 | Sumqayıt | 19 | 5 | 6 | 8 | 18 | 33 | –15 | 21 |
| 10 | Turan | 19 | 5 | 5 | 9 | 19 | 28 | –9 | 20 |
| 11 | Rəvan | 19 | 5 | 4 | 10 | 18 | 31 | –13 | 19 |
| 12 | Kəpəz | 19 | 2 | 3 | 14 | 11 | 39 | –28 | 9 |
Bombardirlər:
18 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benouahi (AZAL), Riçard Almeyda (Qarabağ), Baçana Sxadadze (İnter).
