16 fevral 2013 20:36
İlk üçün 10-cu səfər
“Qəbələ” Topaz Premyer Liqasının XX turunda “İnter”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Bakıdakı görüş komandanın 2013-cü ildə ilk səfər matçı olacaq. Ramiz Məmmədovun yetirmələri bu ilk səfərdə daha bir ilki gerçəkləşdirməyə çalışacaq.
Belə ki, bu rəqiblə səfər oyunlarında qələbəsi olmayan “Qəbələ” Bakıdan üç xalla dönməklə ilkə imza atacaq. Belə ki, paytaxt təmsilçisinin meydanındakı əvvəlki 9 oyunda qonaqlar yalnız 3 heç-heçə ilə kifayətlənib. 6 matçda isə meydan sahibləri qalib gəlib. “İnter” öz meydanındakı qarşılaşmalarda top fərqində də öndədir – 22:6.
Yubiley – 10-cu səfər matçı həm də rəqiblər arasında ümumilikdə 20-ci qarşılaşma olacaq. Bu yubiley görüşünədək “Qəbələ” 4, “İnter” 9 qələbə qazanıb. Daha 6 dəfə isə bərabərlik qeydə alınıb. Rəqib qapısına 14 top vuran qəbələlilər 28-ni buraxıb.
Bu duellərdən 2-si kuboka təsadüf edib və hər komanda 1 qələbə əldə edib. Çempionatda isə “İnter”in 8, “Qəbələ”nin 3 qələbəsi var. 6 dəfə bərabərliklə ayrılan rəqiblərin matçlarında bakılılar 23 qol vurub. “Qəbələ” isə Premyer Liqada rəqib qapısına 12 dəfə yol tapıb.
