17 fevral 2013 00:28
Simurq Neftçi ilə oyunda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək
Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək “Simurq” artıq hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi ötən gün son məşqini edərək, matçın başlama vaxtını gözləməyə başlayıb.
Bir saata yaxın davam edən çalışmada Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində məşq edib. Sonda isə ikitəfli oyunla hazırlıqları tamamlayaraq istirahətə çəkilib.
Sonuncu dəfə ötən il aprelin 1-də AZAL-a doğma arenda məğlub olan “Simurq”, “Neftçi” ilə Premyer Liqada 13-cü duelinə çıxacaq. Komanda buna qədər paytaxt təmsilçisini yalnız bir dəfə məğlub edib. Son 5 görüşün hamısında isə “ağ-qaralar” qalib gəlib. Zaqatala təmsilçisi indiyədək “Neftçi”ni evində məğlub edə bilməyib.
Turun ən çox maraqla gözlənilən qarşılaşmasında Zaqatala təmsilçisinin heyətində Rasim Ramaldanov, Nicat Qurbanov və Eyyub Əliyev meydana çıxa bilməyəcək. AZAL-la oyunda qırmızı vərəqə aldığından kapitan bu matçda iştirak etməyəcək. Nicat və Eyyub isə “Neftçi”dən icarə əsasında transfer edildiyinə görə müqavilə şərtlərinə uyğun olaraq, paytaxt klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək. Cəzası bitən David Petrkeviç isə bu qarşılaşmada forma geyinə biləcək. “Sarı-qaralar”ın yeni transferi Kiso Nenad da baş məşqçi Georgi Çixradzenin şans verəcəyi halda “Neftçi” ilə oyunda debüt etmə şansı əldə edə bilər.
