17 fevral 2013 19:39
“Neftçinin çempionluq yolundakı yeganə rəqibi elə Neftçinin özüdü”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 20-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz bura üç xal üçün gəlmişdik və istəyimizə də nail olduq. Belə ağır toplanışdan sonra ardıcıl üç qələbə qazanmaq çox xoşdu. Çox maraqlı oyun oldu. Rəqib oyun boyu qapımızda yüz faizlik epizod yarada bilmədi. İkinci hissədə üç real qol imkanından yararlana bilmədik. Artıq bütün fikirlərimiz “İnter”lə oyuna yönəlib. Hər şeyə bu oyunda aydınlıq gələcək. “Neftçi”nin çempionluq yolundakı yeganə rəqibi elə “Neftçi”nin özüdü”.
Mətbuat konfransında Hacıyevdən niyə özündən razı olması barədə də sual soruşulub: “Niyə də razı olmamalıyam? “Rubin”in Madrid “Atletico”su ilə necə oynadığını gördünüz? Bu həmin “Rubin” idi ki, “Neftçi” ilə oyunlarda xeyli problemlərlə üzləşdi”.
