18 fevral 2013 17:14
Rauf Mehdiyev Simurqda (FOTO)
"Simurq" əsas heyətlə yanaşı, uşaq futboluna da diqqəti ayırmaqda davam edir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi aşağı yaş qruplarında ibarət komandalarda və əvəzedici heyətdə yüksək səviyyəli qapıçıların yetişdirilməsi üçün tanınmış futbolçu Rauf Mehdiyevlə müqavilə imzalayıb.
Ötən mövsüm karyerasının başa vuran gənc mütəxəssis artıq "Simurq"da məşqçilik fəaliyyətinə başlayıb.
Rauf Mehdiyev futbolçu karyerasına 1992-ci ildə Sabirabadın "İnşaatçı" klubunda başlayıb. Daha sonra isə Bakının "Tərəqqi", "Azəri", "Neftçi" "Ferid", o cümlədən "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik", "Karvan" komandalarında forma geyinib. Karyerasına isə "Neftçi" klubunda son qoyub. Təcrübəli əlcək ustası 2009-cu ildə "Simurq"da da oynayıb. O, komandamızın UEFA-nın təsnifat mərhələsindəki çıxışı zamanı Zaqatala təmsilçisinin şərəfini qoruyub. Rauf Mehdiyev həmçinin 2004-2008-ci illərdə yığma komandanın heyətinə də dəvət alıb.
Qeyd edək ki, Mehdiyev "Simurq"dakı ilk məşqçilik sınağında əvəzedici heyətin qapıçıları ilə yanaşı, aşağı yaş qrupları ilə də işləyəcək.
