20 fevral 2013 16:02
Xəzər Lənkəran argentinalı yeni futbolçusu ilə bağlı PFL-dən cavab gözləyir
"Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə bağlı Peşəkar Futbol Liqasının qərarını gözləyir. Azerisport.az xəbər verir ki, cənublular bu futbolçu ilə iki həftə öncə müqavilə imzalayıblar.
Lakin 30 yaşlı hücumçunun transfer vərəqi gec gəldiyindən, onun çempionat oyunlarına sifariş olunması problemə çevrilib.
Hazırda klub rəhbərliyi bu problemin həlli ilə bağlı PFL-ə müraciət ünvanlayıb. Ramin Musayevin bu məsələ ilə bağlı qərarı yaxın günlərdə açıqlanmalıdı.
Qeyd edək ki, Luçano 2004-cü ildə Argentinanın “Rasing” və “San Martin” klublarında oynayıb. 2005-ci ildən başlayaraq o, Belçika çempionatında çıxış etməyə başlayıb və bu ölkənin “Royal Antverp” (2005-2008) və “KSK Beveren” (2008-2009) klublarının şərəfini qoruyub. 2009/10 mövsümündə Luçano Yunanıstanın “Pierikos” klubunda oynayıb. 2010-cu ildən başlayaraq Olgin Çin çempionatında çıxış edib. Onun oynadığı klublar “Tianjin Teda” və “Hohhot Dongjin” olub.
