21 fevral 2013 19:08
Rəvan Qarabağla oyuna iki itki ilə çıxacaq
Sabah Topaz Premyer Liqasında 21-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, "Rəvan” saat 15:00-da "Bayıl Arena”da başlayacaq oyunda "Qarabağ”ı qəbul edəcək.
Komanda bu gün 1 saata yaxın davam edən məşqlə oyuna hazırlığını başa vurub. Son məşq olduğundan baş məşqçi Ramil Əliyev futbolçuları elə də yormayaraq sadə tapşırıqlarla kifayətlənib. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular qısa ötürmələr üzərində işləyib, meydanın yarı hissəsində "kvadrat” oynayıb, qapıya zərbələr üzərində çalışıblar. Düşərgədə zədəli futbolçu yoxdur, amma təəssüf ki, əsas heyətin 2 üzvü cəzalı durumdadı: Samuel Barlay və Nuran Qurbanov ötən oyunda sarı vərəqə limitini doldurduğundan bu matçı buraxmalı olacaq.
