22 fevral 2013 00:04
Altılıq və liderlik uğrunda ölüm-qalım mübarizəsi
Bu həftə Topaz Premyer Liqasında 21-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun görüşləri üç oyun günündə baş tutacaq.
Turun açılış matçında “Rəvan”la “Qarabağ” qarşılaşacaq. İlk “altılığ”a düşmək üçün nəzəri şansları qalan “Rəvan” indiyədək məğlub etmədiyi Ağdam klubu ilı görüşdə “siftə” etməyə çalışacaq. Komandaların 4-cü duelində “Rəvan” ümumilikdə ilk, “Qarabağ” isə səfərdəki ilk qələbəsini qazanmağa çalışacaq. Lakin bakılılar son 2 matçda rəqibini qolla məyus edə bilməyib. Elə ilk dövrədə keçirilən görüşdə də qolsuz heç-heçə qeydə alınmışdı. Həm bu uğursuzluqları unutdurmaq, həm də zirvə yarışında geri qalmamaq üçün Qurban Qurbanovun yetirmələri mütləq qələbə qazanmağa çalışacaqlar.
İlk altılığa düşməyə çalışan digər bir komanda – “Bakı” da “Simurq”un qonağı olacaq. “Simurq” da “Qarabağ” kimi oyuna bir qədər rahat çıxacaq. Georgi Çixradzenin yetirmələri sadəcə növbəti üç xalla turnir vəziyyətini yaxşılaşdırmağı düşünür. “Bakı”nın isə ilk altılığa düşmək üçün qələbə qazanmaqdan başqa heç bir çıxış yolu yoxdu. Bu üzdən də tərəflərin bu görüşünün gərgin mübarizəyə səhnə olması istisna deyil. Maraq üçün bildirək ki, son 3 dueldə qol həsrətində olan “Simurq” 14-cü qarşılaşmada qələbə sayında tarazlıq yaratmaq istəyindədi. Bakılılar isə 5-ci səfər qələbəsini qazanmağa çalışacaq. İlk dövrədə baş tutan görüşdə 0:0 hesabı qeydə alınmışdı.
Turun ən maraqla gözlənilən görüşlərindən biri Qəbələdə baş tutacaq. Burda yerli “Qəbələ” “Xəzər Lənkəran”la üz-üzə gələcək. Hər iki komandanı hazırda bir məsələ düşündürür: ilk altılığa vəsiqəni rəsmiləşdirmək! Bu yolda heç-heçə bu komandaların demək olar ki, heç birinə sərf etmir. Lənkəran klubunun işi daha çətin görünür. Onsuz da sabit və inamlı çıxışı ilə seçilməyən Karles Bakesin komandası bu görüşü səfərdə keçirəcək ki, bu, cənubluların vəziyyətini daha da ağırlaşdırır. Əks düşərgədə isə doğma meydan amili öz müsbət təsirini göstərə bilər. Son 5 matçda rəqib qapısına yol tapan “Xəzər Lənkəran” “Qəbələ” ilə matçlardakı üstünlüyünü artırmağa cəhd edəcək. Bu komandaların Qəbələdəki son 4 matçında heç-heçə qeydə alınmayıb. Baxmayaraq ki, ilk dövrədə keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması 1:1 hesabıyla başa çatmışdı.
İlk altılıq ümidlərini hələ də saxlayan AZAL bu tur “Kəpəz”i qəbul edəcək. Gəncə klubu cari mövsümdə demək olar ki, rəqiblərinə müqavimət göstərə bilmir. Bu üzdən də “təyyarəçilər”in qələbə qazanması şübhə doğurmur. Amma komandanın üzərindəki təzyiq müəyyən problem yarada bilər. Yubiley – 10-cu duel ərəfəsində AZAL-ın üstünlüyü böyükdü. Bakılılar son 4 matçda da qalib gəlib. Bu uğurlu seriyada 2:0 hesablı qələbələri sıralayan bakılılar öz meydanında bu rəqibdən qol da buraxmayıblar. Elə ilk dövrədə Gəncədə keçirilən görüşdə də məhz AZAL 2:0 hesabıyla qalib gəlmişdi.
Turun mərkəzi qarşılaşmasında “Neftçi” “İnter”lə üz-üzə gələcək. Son çempion liderliyi ələ keçirmək üçün yaxşı fürsət qazanıb. Buna görə də Böyükağa Hacıyevin komandası doğma meydanda keçiriləcək görüşdə mütləq qələbə qazanmağa çalışacaq. Maraq üçün bildirək ki, bu komandaların arasındakı görüşlərin ümumi balansında da “Neftçi”nin üstünlüyü böyükdü. 32-ci paytaxt derbisi ərəfəsindəki son 4 matçda hər 2 komanda qol sevinci yaşayıb. Ardıcıl 5 qarşılaşmada qol vuran “İnter” isə son 3 oyunda qələbə qazanmır. Elə ilk dövrədə keçirilən görüşdə də 1:1 hesabı qeydə alınmışdı. Bu görüşdə də heç-heçə qeydə alınsa, “bankirlər” buna qane ola bilərlər. Ən azı ona görə ki, Kaxaber Sxadadzenin komandası zirvədəki mövqeyində qalacaq.
Turun qapanış matçında isə iki autsayder - “Sumqayıt”la “Turan” üz-üzə gələcək. 6-cı oyuna minimal üstünlüklə çıxan “Sumqayıt” son 4 matçda meydanı qolsuz tərk etmir. Bu 4 matçda “Turan” qalib gələ bilməyib. Elə ilk dövrədə Tovuzda baş tutan görüşdə də sumqayıtlılar minimal hesabla qalib gəlmişdilər.
Topaz Premyer Liqası
21-ci tur
22 fevral
15:00. Rəvan – Qarabağ
Hakimlər: Elçin Məmmədov Rahil Ramazanov Nahid Əliyev Ömər Paşayev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Bayıl Arena.
17:00. Simurq – Bakı
Hakimlər: Anar Salmanov Mübariz Haşımov Zeynal Zeynalov Namiq Bəkirov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Zaqatala şəhər stadionu.
23 fevral
15:00. Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ şəhər stadionu.
17:00. Neftçi – İnter
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Bakcell stadionu (8-ci km.).
18:00. AZAL - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. AZAL Arena.
24 fevral (bazar)
15:00. Sumqayıt – Turan
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. Bayıl Arena.
| 1 | İnter | 20 | 11 | 7 | 2 | 24 | 10 | +14 | 40 |
| 2 | Neftçi | 20 | 12 | 2 | 6 | 42 | 22 | +20 | 38 |
| 3 | Qarabağ | 20 | 9 | 8 | 3 | 27 | 17 | +10 | 35 |
| 4 | Simurq | 20 | 9 | 7 | 4 | 24 | 14 | +10 | 34 |
| 5 | Qəbələ | 20 | 8 | 5 | 7 | 23 | 21 | +2 | 29 |
| 6 | XL | 20 | 7 | 6 | 7 | 30 | 23 | +7 | 27 |
| 7 | Bakı | 20 | 5 | 11 | 4 | 22 | 14 | +8 | 26 |
| 8 | AZAL | 20 | 5 | 8 | 7 | 23 | 24 | –1 | 23 |
| 9 | Rəvan | 20 | 6 | 4 | 10 | 20 | 31 | –11 | 22 |
| 10 | Sumqayıt | 20 | 5 | 6 | 9 | 18 | 36 | –18 | 21 |
| 11 | Turan | 20 | 5 | 5 | 10 | 21 | 32 | –11 | 20 |
| 12 | Kəpəz | 20 | 2 | 3 | 15 | 11 | 41 | –30 | 9 |
Bombardirlər:
19 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
8 - Salif Ballo (Turan)
7 - Zohair Benouahi (AZAL), Riçard Almeyda (Qarabağ), Baçana Sxadadze (İnter).
6 - Xuan Manuel Varea (Rəvan)
