22 fevral 2013 00:46
“Hər oyunda meydana uğur qazanmaq üçün çıxırıq”
Bu gün Premyer Liqada çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatında AZAL-ın qonağı olacaq "Kəpəz" bu oyunla bağlı hazırlıq prosesini yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, səfərə sabah tezdən çıxacaq komandanın baş məşqçisi Mehman Hacıyev klub saytına açıqlamasında qarşıdakı oyunun ağırlığından danışıb:
"Rəqib son iki matçda böyük hesablı qələbə qazanıb. Biz isə istədiyimiz nəticələri əldə edə bilməmişik. Amma AZAL-ın qələbələri bizi qorxutmur. Hər oyunda meydana uğur qazanmaq üçün çıxırıq. Səfərə də bu istəklə yollanacağıq. Meydana gözübağlı çıxmayacağıq. Mübarizə aparıb, rəqibə müqavimət göstərməliyik".
