23 fevral 2013 00:53
“İstəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq”
“Kəpəz” Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün AZAL-ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, qarşıdakı matçla bağlı "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klub saytına açıqlama verib.
O, oyuna hazırlıqdan danışıb: "Həftə boyunca AZAL-la görüşə hazırlaşmışıq. Futbolçular məşq prosesində verilən tapşırıqları yerinə yetiriblər. Sözün açığı, yetirmələrim məşqdə özlərini yaxşı tərəfdən göstərirlər. Amma oyuna çıxanda fərqli çıxış edirlər. Onlarla bu barədə danışmışıq".
Mahmud Qurbanov matç haqda da fikirlərini bildirib: "Çətin oyun olacaq. Rəqib ilk altılığa düşmək üçün mübarizə aparır. Əsas məqsədləri budu. Biz də uğur qazanmaq istəyirik. Xallara ehtiyacımız var. Ardıcıl oyunlarda yaxşı çıxış edə bilməmişik. Ona görə də düşünürəm ki, istəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq".
