23 fevral 2013 13:26
Növbəti mövsümdən Rəvan Premyer Liqadakı çıxışını dayandıracaq
Xəbər verdiyimiz kimi, “Rəvan” Premyer Liqa və Azərbaycan Kubokundakı çıxışını dayandırmağı düşünür. Azerisport.az saytına müsahibəsində bunu klubun vitse-prezidenti Bəhruz Şirəliyev də təsdiqləyib.
O, bəyan edib ki, bu qərara gəlmələrinə səbəb təkcə 21-ci turun “Qarabağ”la oyunundakı kobud hakim səhvləri yox, ümumilikdə mövsüm ərzində üzləşdikləri oxşar haqsızlıqlarla bağlıdı: “Biz oturub bu səhvlərə görə nə qədər xal itirdiyimizi hesablamaq fikrində deyilik. Bizi narahat edən odu ki, hətta bu və digər hakim səhvlərini Hakimlər Komitəsinə təqdim edəndə də buna adekvat addım atılmır. Ya bu gün, ya da gələn həftə Peşəkar Futbol Liqasına müraciət edəcəyik. Rəhbərlik komandanı çempionatdan çıxarmaq haqda düşünür. Biz hakim səhvlərindən yorulmuşuq. Özü də belə səhvləri Elçin Məmmədov kimi təcrübəlilərdən görəndə başqa çıxış yolu qalmır”.
Artıq klub rəhbərliyi yekun qərarını da açıqlayıb. Şirəliyevdən aldığımız son məlumata görə, onlar bu mövsümün sonuna qədər oynamağı qərara alıblar. Amma növbəti mövsümdən etibarən “aslanlar” bu çıxışını dayandırmalı olacaq.
