23 fevral 2013 11:34
Anatoli Banişevski – 67! (VİDEO)
Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anadan olmasının 67 illiyi tamam olur. Azerisport.az xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Banişevski peşəkar karyerası ərzində yalnız “Neftçi” komandasında çıxış edib.
SSRİ dövründə çoxsaylı təkliflər almış futbolçu komandasına sadiq qalaraq “Neftçi”ni tərk etməyib. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ milli komandasına cəlb edilib. Tezliklə o, məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda 3 dəfə fərqlənib. Bununla yanaşı A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib. Ümumiyyətlə, A.Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvü olub. Karyerasını başa vurduqdan sonra A.Banişevski 2 mövsüm “Neftçi” klubunun baş məşqçisi işləyib. 1984-88-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışarkən ağır xəstəliyə düçar olmuş Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib. Banişevski ölümündən bir il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub. 2 fevral 2007-ci il tarixində prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
