25 fevral 2013 01:20
Simurq Neftçi ilə oyunda yenə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək
Azərbaycan Kubokunun 1/4 final mərhələsində fevralın 27-də "Neftçi"ni qonaq edəcək “Simurq” bu matça hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün bir məşqə çıxan komanda əvvəlcə fitness zalda çalışıb.
Daha sonra qısa məsafəli qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Qruplara bölünərək "kvadrat" oynayan futbolçular məşqi ikitərəfli oyunla tamamlayıb.
Qarşılaşmanın hazırlıqlarına ara vermədən start verən "Simurq" bu gün növbəti məşqinə çıxacaq. Hazırda komandanın heyətində zədəli futbolçu yoxdu. Ancaq icarə əsasında "Neftçi"dən transfer olunan Nicat Qurbanov və Eyyub Əliyev müqavilə şərtlərinə görə turnir cədvəlinin hazırkı liderinə qarşı matçda forma geyinə bilməyəcək.
