26 fevral 2013 11:14
Dneprin azərbaycanlı futbolçusu Rusiya klublarının hədəfində
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və Ukraynanın “Dnepr” klubunun hücumçusu Bayram Budaqov Rusiya klublarının maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, ruslar onunla 19 yaşlılar arasında təşkil olunan Avropa Çempionatının seçmə mərhələ oyunları zamanı maraqlanmağa başlayıblar.
Qeyd edək ki, həmin seçmə oyunlar zamanı yığmamız sadəcə 1 xal toplaya bilmişdi. Budaqov isə vurduğu iki qolla komandamızın ən məhsuldar futbolçularından olmuşdu.
Həmin dövrdə U-19-un sükanı arxasında çalışmış Vəli Qasımov gənc futbolçu ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Budaqov pis futbolçu deyil. Qol vurmağı bacarır. Yaxşı fiziki göstəriciləri də var. Lakin bir qədər sürəti yoxdu. Amma digər üstünlükləri onun bu çatışmazlığını ört-basdır edir”.
U-19-un sabiq çalışdırıcısı keçmiş yetirməsinin yaxşı futbolçu olacağını düşünür: “Əgər Bayramov öz üzərində işləsə, yaxşı hücumçu olacaq. Düzdü, onun birdən-birə Rusiya klubunda oynamağa çağırıldığını düşünmürəm. Böyük ehtimalla hansı kluba keçsə, əvəzedici heyətdə çıxış edəcək. O, yalnız burada özünü yaxşı tərəfdən göstərəcəyi halda nəyəsə nail ola bilər”.
Elə U-19-un indiki baş məşqçisi Arif Əsədov da bu hücumçunun yaxşı gələcəyinin olduğuna inanır: “Azərbaycan futbolunda taran tipli hücumçular çox azdı. Budaqov da məhz taran tipli forvarddı”.
Sonda onu da qeyd edək ki, Budaqov bu mövsüm “Dnepr”in əvəzedici heyətində uğurla çıxış edir. Onun hesabında artıq səkkiz qol var.
