26 fevral 2013 15:17
AFFA klubları cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Simurq” – “Bakı” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Bakı”nın futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sınrırıldığı üçün paytaxt klubu dəymiş zərərə uyğun olaraq “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Rəvan” – “Qarabağ” oyunun 67-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 89-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Vanderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçının 1-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələr meydançaya atıldığı üçün klub 2000 manat cərimə olunub.
