28 fevral 2013 00:11
Biri məlum, üçü naməlum
Ötən gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verildi. Azerisport.az xəbər verir ki, bu mərhələnin ilk oyunlarının hamısı eyni gündə baş tutdu.
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış iki komanda - “Qəbələ” və “Qarabağ” Qəbələdə üz-üzə gəldilər. Hər iki komanda iki cəbhədə də mübarizə aparmaqda maraqlı olduğundan gərgin mübarizə olacağı şübhəsiz idi. Bu komandalar ötən mövsümdə də kubokda qarşılaşmışdılar. Elə indi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi (2:2, 0:0). Bu dəfə necə olacağı maraqla gözlənilirdi. Hesabı meydan sahibləri açdılar. Amma Ağdam təmsilçisi fasilədən sonra buraxılan qolun əvəzini çıxmağı bacardı. Beləcə, ilk görüş sülhlə bitdi. Maraq üçün xatırladaq ki, “Qarabağ” Premyer Liqanın 19-cu turuna təsadüf edən səfər oyununda da bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Baxmayaraq ki, ilk dövrədə keçirilən oyunda “Qəbələ” ağdamlıları məğlub etməyi bacarmışdı – 2:1. Kubokda isə hər şeyə Bakıda keçiriləcək cavab görüşündə aydınlıq gələcək. Ağdamlılar bu dəfə də qolsuz heç-heçə sayəsində mərhələ adlaya bilərlər. Amma istənilən hesablı qələbə də Qurban Qurbanovun yetirmələrini yarımfinala çıxara bilər.
Bu mərhələnin digər görüşündə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşdı. Maraq üçün bildirək ki, bu komandalar bundan öncə daha 2 mövsümdə üz-üzə gəlmişdilər. Hər 2 paytaxt derbisində sevinən tərəf “Bakı” olmuşdu. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında üstün olmuşdular (2:1). 3 il əvvəl isə “zolaqlılar” bu rəqibini yarımfinalda dayandırmışdı (0:1, 3:1). Bu dəfəki qarşılaşma isə sülhlə bitdi. Baxmayaraq ki, Premyer Liqada ilk altılığa vəsiqəni təmin edə bilməyən paytaxtın eyni adlı klubu son tura qədər çempionatın lideri olan “İnter”ə uduzurdu. Amma məhz son saniyələrdə vurulan qol Bojidar Bandoviçin komandasını məğlubiyyətdən xilas etdi. Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün birinci dövrəsində bu komandalar arasında məhz “Bakı”nın meydanında baş tutan ilk görüş də qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında keçirilən ikinci qarşılaşmada isə “bankirlər” 1:0 hesabıyla üstün olmuşdular. Kubok mücadiləsindəki cavab görüşünün necə bitəcəyini isə zaman göstərəcək.
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi Zaqatalada baş tutdu. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”ni qonaq etdi. Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdi. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi və “Neftçi” minimal hesablı qələbə sayəsində mərhələ adlamışdı. Bu mövsüm isə Zaqatala klubu doğma meydandakı oyunda uduzmadı. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən qol səsi çıxmadı. Baxmayaraq ki, cəmi bir neçə gün öncə baş tutan çempionat oyununda “Simurq” bu rəqibinə evdə 2 cavabsız qolla uduzmuşdu. Elə ilk dövrədə Bakıda keçirilən oyun da “Neftçi”nin xeyrinə bitmişdi – 2:1. İndi Zaqatala klubunun çempionatın lideri, son iki mövsümün çempionu ilə səfər matçında nəyə nail olacağı maraqla gözlənilir. Sadəcə, onu qeyd edək ki, “Simurq”a həlledici qarşılaşmada istənilən hesablı qollu heç-heçə də növbəti mərhələyə keçmək üçün yetərli olacaq.
Ən nəhayət, 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” üz-üzə gəldi. İndiyədək kubokda yolları kəsişməyən tərəflərin hər ikisinə bu turnirdə mübarizəni davam etdirmək çox vacibdi. Məsələ burasındadı ki, “Rəvan” artıq ilk altılıqdan kənarda qalacağını rəsmiləşdirib. “Xəzər Lənkəran” da ikinci altılıqda oynamağa əsas namizədlərdəndi. Belədə tərəflərin mübarizəsinin gərgin keçəcəyi şübhəsiz idi. Bu görüş ərəfəsində rəqib komandanın baş məşqçisinin istefa verməsi, oyunun Bakıda keçirilməsi kimi amillər bakılıların xeyrinə olan amillərdən idi. Ramil Əliyevin yetirmələri bundan maksimum yararlanıb, səfər matçı öncəsi sərfəli nəticə qazanmaq ümidində idi. Əks halda Lənkəranda baş tutacaq növbəti görüşdə “aslanlar”ın işi çox çətin olacaqdı. Lakin paytaxt klubu istədiyi nəticəyə nail ola bilmədi. Baxmayaraq ki, “aslanlar” erkən qol vurmaqla çox yaxşı şans qazanmışdılar. Amma cənub təmsilçisi fasilədən sonra böyük əzmkarlıq göstərərək, qələbə qazanmağı bacardı. Bu qələbə sayəsində cənubluların yarımfinala vəsiqə qazanmaq üçün yaxşı şans qazandığını demək olar. Hər halda “Rəvan”ın Lənkəranda sensasiyaya imza atması çox müşkül görünür.
Sonda onu da bildirək ki, bu mərhələnin cavab oyunları martın 7-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi (ilk oyunlar)
SİMURQ – NEFTÇİ - 0:0 (0:0)
Sarı vərəqələr: Nenad Kiso, 22 (qeyri-idman hərəkəti) - Erik Ramos, 27 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Cavid İmamverdiyev (oyundan sonra rəqibin üzərinə tüpürdüyünə görə).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov .
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 fevral 2013.Zaqatala. Şəhər stadionu. 2600 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 10. Zdravko Popoviç (12. Tomislav Buşiç, 66), 13. Aleksandr Şemonayev, 21. Murad Səttarlı (20. Rəşad Eyubov, 78), 25. Mario Bojiç, 27. Bəxtiyar Soltanov (7. Ruslan Poladov, 71), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (19. Mirhüseyn Seyidov, 75), 9. Flavinyo, 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 75), 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 20. Eşqin Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
QƏBƏLƏ – QARABAĞ - 1:1 (1:0)
Qollar: Dodo, 33 (1:0), V.Nadirov, 56 (1:1)
Sarı vərəqə: Namiq Yusifov, 32 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 fevral 2013. Qəbələ. Şəhər stadionu. 1150 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalaban, 22. Lourival Rodriqes Assis (8. Kristian Pulhak, 64), 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k) (23. Şəhriyar Xəlilov, 82), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 90. Ceyhun Sultanov (7. Yaşar Abuzərov, 64).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 5. Luka Zinko, 16. İfeanyi Emeqara.
Baş məşqçi: Ramiz Məmmədov.
Qarabağ: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 54), 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov (21. Reynaldo Silva, 83), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (55. Bədavi Hüseynov, 78).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 27. Elvin Musazadə, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
BAKI – İNTER - 1:1 (0:0)
Qollar: İ.Kandelaki, 80 (0:1), A.Nəbiyev, 90+2 (1:1)
Sarı vərəqələr: Aqil Nəbiyev, 72 (hakimə etiraz) - Abdulla Abatsiyev, 25 (topa əllə oyun); Valeri Abramidze, 66 (rəqibə badalaq); Vladimir Levin, 87 (topa əllə oyun); İliya Kandelaki, 88 (bilərəkdən vaxtı uzatdığına görə); Revaz Tevdoradze, 90+1 (bilərəkdən vaxtı uzatdığına görə).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
27 fevral 2013. “Bakı”nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski (k), 2. Edemir Rodriqes, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 88. Cavid Hüseynov, 10. Lukas Mario Horvat, 7. Deyvidas Çesnauski (11. Elvin Məmmədov, 74), 22. Risto Ristoviç (24. Marius Pena, 81), 17. Mario Rubio (77. Aleksandar Soliç, 58), 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 8. Junior Vilson, 14. Elvin Əliyev.
Baş məşqçi: Bojidar Bandoviç.
İnter: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 46), 11. Asif Məmmədov (17. Robertinyo Soares, 80), 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (30. Yuri Fomenko, 67), 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 9. Daniel Genov, 24. Fuad Bayramov, 77. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
RƏVAN – XƏZƏR LƏNKƏRAN - 1:2 (1:0)
Qollar: M.Zeçeviç, 6 (1:0), R.Əmirquliyev, 74 (1:1), U.Pamuk, 80 (1:2)
Sarı vərəqələr: Miloş Zeçeviç, 49 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Hüseyn Axundov, 90+2 (kobud oyun) - Robert Alviz, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
27 fevral 2013.Bakı. Bayıl Arena. 1200 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov (13. Şəhriyar Rəhimov, 69), 5. Nikolay Orlovski, 8. Tural Axundov (19. Hüseyn Axundov, 85), 10. Mindauqas Kalonas, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas (55. Ağabala Ramazanov, 49), 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç (35. Lusiano Olguin, 46), 27. Manuel Skarlatake, 99. Marin Orsuliç (6. Robert Alviz, 46).
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 17. Kazım Kazımlı.
Məşqçi: Emin Quliyev.
